BƏƏ-nin kosmik zondu aprelin 25-də Ayın səthinə enəcək
Bakı, 12 aprel, AZƏRTAC
Muhammed Bin Rəshid Kosmik Mərkəzi (MBRSC) bu gün elan edib ki, “HAKUTO-R” aparatının göyərtəsində olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Rashid Rover” kosmik zondu aprelin 25-də Aya eniş edəcək. Eniş tarixi əməliyyat şəraitindən asılı olaraq dəyişdirilə bilər. “Rashid Rover” hazırda perilunada təxminən 100 km və apolunda təxminən 2300 km yüksəklikdə Ay ətrafında dövr edir. Orbitdə Ayın mərkəzinə ən yaxın olan nöqtələr periluna, ən uzaq nöqtəsi isə apolun adlanır.
AZƏRTAC Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, kosmik zondu daşıyan eniş aparatı enməyə başlamazdan əvvəl Ay ətrafında 100 km dairəvi orbitə çatmaq üçün çoxsaylı orbital idarəetmə manevrləri edəcək. Eniş ardıcıllığı zamanı enmə aparatı orbitdə yavaşlamaq üçün əsas hərəkət sistemini işə salaraq əyləcdən istifadə edəcək. Kosmik zond əvvəlcədən təyin edilmiş bir sıra təlimatlardan istifadə edərək Atlas kraterinin təsdiqlənmiş sahəsinə yumşaq eniş etmək üçün hündürlüyü tənzimləyəcək və sürəti azaldacaq.
Yerdəki idarəetmə məntəqəsi Aya enməzdən əvvəl dünyanın ən yığcam roveri ilə cəmi 370 dəqiqəyə yaxın əlaqəni tamamlayacaq. Məntəqənin fəaliyyəti mühəndislər qrupunun zondun Aya enişdən sonra proqramları yerinə yetirməyə hazır olması, həmçinin alt sistemlərdəki müxtəlif komandaların əməliyyat işlərini sinxronlaşdırmağa imkan verməsi baxımından çox vacibdir.
“Rashid Rover”i saxlayan “HAKUTO-R Mission 1” aparatının naviqasiyasının növbəti mərhələsi eniş ardıcıllığından əvvəl bütün planlaşdırılan Ay orbital idarəetmə manevrlərinin tamamlanmasını, həmçinin eniş aparatının enmə ardıcıllığına başlamağa hazır olduğunu təsdiq etməyi əhatə edir. Əməliyyat şəraitində hər hansı dəyişiklik olarsa, növbəti eniş imkanları 26 aprel, 1 və 3 may tarixlərinə təyin edilməklə, üç alternativ eniş yeri də müəyyən edilib.
“Emirates Lunar” Ay missiyası BƏƏ-də İKT sektorunda tədqiqat və inkişafa dəstək olmaq məqsədi daşıyan Telekommunikasiya və Rəqəmsal Hökumət Tənzimləmə Qurumunun (TDRA) İKT Fondu tərəfindən maliyyələşdirilir.