Bərdə bazarında baş verən yanğın nəticəsində 2100 kvadratmetr sahə yanıb
Bərdə, 26 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə bazarında yanğının baş verdiyi 5000 kvadratmetr ərazinin 2100 kvadratmetr sahəsi yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Yanğından Mühafizə Hissəsinin rəisi Mübariz Əliyev jurnalistlərə açıqlamasında deyib. M.Əliyev bildirib ki, bu gün səhər 07:14 radələrində Bərdə Yanğından Mühafizə Hissəsinin “Qaynar xətt”inə rayonun Güloğlular kəndindəki bazar ərazisində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Dərhal Bərdə Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili şəxsi həyətlə birgə hadisə yerinə çatıb. Hadisə yeri düzgün qiymətləndirilərək, yanğın böyük olduğundan 2 saylı çağırış elan olunub. Çağırışla Bərdədən 5 yanğınsöndürən avtomobili, həmçinin Tərtər, Yevlax və Ağdam rayonlarının hər birindən 1 yanğınsöndürən maşın şəxsi həyətlə birlikdə hadisə yerinə gəlib. Yanğının söndürülməsinə, ümumilikdə, 9 yanğınsöndürən avtomobil, 50-dən çox şəxsi heyət cəlb edilib. Görülən tədbirlər sayəsində yanğın saat 09:11 radələrində tam söndürülüb.
M.Əliyev onu da qeyd edib ki, yanğın ərazisindəki obyektlər çiy kərpicdən və taxta konstruksiyalardan olduğundan və binanın dam örtüyü bağlı olduğundan yanğının söndürülməsində çətinlik yaranıb. Yanğının söndürülməsi zamanı şəxsi heyətdən və sakinlərdən xəsarət alan olmayıb.