Bərdədə soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bərdə, 30 mart (AZƏRTAC). Bərdə Rayon İcra hakimiyyətində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ermənilər tərəfindən müxtəlif dövrlərdə soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə XX əsrdə xalqımıza qarşı apardıqları təcavüzkar siyasətdən, törədilən faciələrdən, terror aktlarından danışmışdır. Bildirilmişdir ki, 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə erməni millətçiləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək yaşayış məntəqələrini, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmışlar.
1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali məhv edilmiş, görünməmiş qanlı cinayətlər törədilmişdir.
Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmiş, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilmiş, 1948-52-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya edilmişdir. Ötən əsrin 80-ci illərində 200 minə yaxın azərbaycanlı Ermənistandan amansızcasına qovulmuşdur. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş, Xocalı, Qaradağlı və digər yerlərdə qanlı faciələr törədilmişdir.
Məruzədə azərbaycanlılara qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti və tarixi kökləri ətraflı təhlil edilmiş, soyqırımı hadisələrinə, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri önə çəkilmişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmandan sonra faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.
Tədbirdə 1948-1953-cü illərdə Ermənistandan qovulmuş Yeni Daşkənd və Otuzikilər kənd sakinləri Ələddin Balıyev və Telman Hüseyn çıxış edərək ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərdən danışmış, deportasiya ilə bağlı xatirələrini iştirakçılarla bölüşmüşlər.