BERLİNDƏ AZƏRBAYCAN SƏFİRLİYİNDƏ GÖRÜŞ
Azərbaycan Respublikasının Almaniyadakı səfiri Hüseynağa Sadıqov parlamentin - bundestaqın Qafqaz ölkələri ilə əməkdaşlıq qrupunun sədri Kristof Berqnerlə görüşmüşdür.
Azərbaycan səfirliyində keçən görüşdə H. Sadıqov Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun sədri akademik Cəlal Əliyevin səmimi təbrikini qonağa çatdırdı, dostluq qrupuna belə tanınmış bir alimin və ictimai xadimin başçılıq etməsinin Azərbaycanın Almaniya ilə münasibətlərə verdiyi böyük əhəmiyyətin ifadəsi olduğunu bildirdi.
Cənab Berqner səmimi təbrikə görə həmkarına onun təşəkkürünün və salamlarının çatdırılmasını xahiş edərək dedi ki, Cənubi Qafqaz ölkələrindən ilk təbriki akademik Cəlal Əliyevdən alır və həmin ölkələrin səfirləri içərisində birinci Azərbaycan səfiri ilə görüşür. Aprelin 10-da bundestaqda qrupun üzvlərinin iclasını keçirdiyini və iş planı barədə müzakirələr apardığını bildirən K. Berqner 2004-cü ildə Cənubi Qafqaza səfər edəcəyini vurğuladı. 2003-cü ildə isə Milli Məclisin Azərbaycan- Almaniya parlamentlərarası dostluq qrupunun rəhbəri başda olmaqla nümayəndə heyətini Almaniyada qəbul etməyə hazır olduğunu bildirdi.
Azərbaycan-Almaniya əlaqələrinin tarixi barədə geniş məlumat verən səfir Hüseynağa Sadıqov AFR-in Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb ölkəsi olduğunu və respublikamızın Avropada ilk səfirliyinin məhz Almaniyada açıldığını xatırlatdı.
Səfir respublikamızın iqtisadi inkişafı ilə maraqlanan qonağa ətraflı məlumat verərək, Azərbaycanın bu sahədə MDB ölkələri arasında öndə getdiyini vurğuladı. Azərbaycan diplomatı Prezident Heydər Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən neft strategiyası, habelə ölkəmizdə aparılan iqtisadi islahatlardan bəhs etdi. Almaniya ilə iqtisadi münasibətlərə toxunan səfir dedi ki, əlaqələrin inkişafı üçün böyük potensial olmasına baxmayaraq, hələlik bundan yetərincə istifadə edilmir.
Cənab Berqner rəhbərlik etdiyi qrupun işində bu məsələyə xüsusi diqqət yetirəcəyini və bundestaqa, habelə müvafiq hökumət qurumlarına tövsiyələr verməyə çalışacağını söylədi.
Səfir H. Sadıqov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, ərazimizin 20 faizinin Ermənistan hərbi qüvvələri tərəfindən işğalı, qaçqın-köçkün problemi haqqında geniş məlumat verərək dedi ki, bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Lakin Ermənistanın BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymaması, qeyri-konstruktiv mövqe tutması buna mane olur.
Münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bildirən cənab Berqner söz verdi ki, bundestaqda bu istiqamətdə fəal iş aparacaq və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına Almaniyanın fəal yardım göstərməsini tələb edəcəkdir.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin