BERLİNDƏ “İZLƏRİN AXTARIŞINDA – ALMANLAR AZƏRBAYCANDA” FOTOSƏRGİSİ TƏŞKİL OLUNMUŞDUR
Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, avqustun 31-də “Berlin-Bakı Qalereyası”nda (GBB) “İzlərin axtarışında - almanlar Azərbaycanda” fotosərgisi təşkil olunmuşdur.
Sərgini giriş sözü ilə GBB-nin direktoru İbrahim Əhrari açmışdır. Mərasimdə çıxış edən Bundestaqın Almaniya-Qafqaz parlament dostluq qrupunun rəhbəri Şteffen Rayxe Almaniyada Azərbaycan İli çərçivəsində təşkil edilən tədbirləri iki ölkə arasında münasibətlərin daha da yaxınlaşmasına töhfə kimi qiymətləndirmiş, sərginin əhəmiyyətindən danışmışdır. Qafqaz regionunun yenidən diqqət mərkəzində olduğunu deyən Ş.Rayxe Dağlıq Qarabağla bağlı hadisələrin necə inkişaf edəcəyinin ölkə ictimaiyyəti tərəfindən izləndiyini bildirmişdir. O demişdir ki, Almaniya münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Sonra Potsdam Universitetinin kafedra müdiri, Almaniya-Azərbaycan Forumu idarə heyətinin üzvü professor Vilfrid Fuhrman elmi məruzə ilə çıxış etmişdir. O, Napoleonun dağıdıcı müharibələrindən sonra fəlakətdən və acınacaqlı həyatdan canını qurtarıb Qara dəniz sahillərinə üz tutan 1700 alman ailəsindən 500-nün Azərbaycanda məskunlaşdığını xatırlatmışdır. Alim demişdir ki, iki yüz il əvvəl də dini tolerantlığın yüksək olduğu Azərbaycanda bu insanlara öz dinlərinə ibadət etmək üçün kilsə tikməyə icazə verilmişdi. Stalinin deportasiya siyasəti alman icmasının dinc yaşayışında fasilə yaratsa da, ona son qoya bilməmişdir. Stalinin ölümündən sonra alman ailələrinin bir qismi yenidən vətənləri saydıqları Azərbaycana geri dönmüşdür.
Tədbirdə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyası sədrinin müavini Rövşən Rzayev xalqımızın alman icmasının mədəni irsinə hörmətlə yanaşdığını və onun qorunub saxlanmasına qayğı göstərdiyini vurğulamış, Azərbaycanın bu sahədə tədqiqat apardığını bildirmişdir.