QAN YADDAŞI
Berlində Xocalıya həsr edilmiş “Pozulmuş sülh” cizgi filminin təqdimatı olmuşdur
Bakı, 23 aprel (AZƏRTAC). Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Xocalı faciəsinə həsr olunmuş “Pozulmuş sülh” cizgi filmi təqdim edilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, təqdimat Berlində yaşayan həmvətənimiz, rəssam və rejissor Məsud Pənahinin yaradıcılığına həsr olunmuş “Sənətin sevincli-kədərli səhnələri” adlı tədbir çərçivəsində keçirilmişdir.
AAKM-nin icraçı direktoru Samira Patzer-İsmayılova tədbirin animasiya sənətinə həsr edildiyini bildirmiş və rejissor Məsud Pənahini tədbir iştirakçılarına təqdim etmişdir. O, həmçinin Azərbaycanda animasiya sənəti haqqında məlumat vermişdir.
Daha sonra Azərbaycan səfirliyinin birinci müşaviri Rizvan Nəbiyev mədəniyyətimiz və incəsənətimiz haqqında qonaqlara qısa məlumat vermişdir. O, Azərbaycan incəsənəti haqqında alman mətbuatında demək olar ki, heç bir məlumat verilmədiyini, əksinə Azərbaycana qarşı qərəzli və birtərəfli yazıların sayının çoxaldığını təəssüflə qeyd etmişdir. R.Nəbiyev M.Pənahinin yaradıcılığı haqqında danışaraq hər hansı ölkənin və onun tarixinin tanıdılmasında mədəniyyətin, incəsənətin bir vasitə olduğunu, mədəniyyət işçilərinin bu işdə dəstəklənməsinin vacibliyini vurğulamışdır.
S.Patzer-İsmayılova Xocalı faciəsinə həsr olunmuş “Pozulmuş sülh” cizgi filmini tədbir iştirakçılarına təqdim edərək filmin yaradılması tarixindən, M.Pənahinin təşəbbüsündən və yaradıcı fəallığından, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin və AAKM-nin bu filmin başa gəlməsində iştirakı barədə məlumat vermişdir. Filmin ilk dəfə Berlində Azərbaycan səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 20 illiyinə həsr edilmiş “Xocalı həftəsi” tədbirində nümayiş etdirildiyini bildirmişdir.
M.Pənahi filmin yaradılması ideyasından və film üzərində aparılan işlərdən danışmışdır.
Daha sonra “Pozulmuş sülh” cizgi filmi nümayiş etdirilmişdir. Tədbirdə, həmçinin rejissorun “Qız qalası” və onun şagirdlərinin çəkdiyi “İki cəngavər” cizgi filmləri də nümayiş etdirilmişdir.
Tədbir iştirakçılarına M.Pənahinin yaradıcılığında əsas rol oynayan “Tıq-tıq xanım” cizgi filmi haqqında sənədli film təqdim edilmiş və rejissor bu film haqqında qonaqlara geniş məlumat vermişdir. Filmin nümayişindən sonra rejissorla fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Azərbaycan səfirliyinin digər məsul əməkdaşları, alman ictimaiyyətinin nümayəndələri, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin üzvləri, diaspor təmsilçiləri, azərbaycanlı tələbə və gənclər, AAKM-nin əməkdaşları iştirak etmişlər.