Beş ayda Naxçıvanda 985,2 milyon manatdan çox ÜDM istehsal olunub
Naxçıvan, 21 iyun, AZƏRTAC
Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Məhz bunun nəticəsidir ki, cari ilin yanvar-may aylarında muxtar respublikada 985 milyon 236 min 400 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Hər bir nəfərə düşən ÜDM-in həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq 2 min 157,3 manat olub.
Muxtar respublikada yaranan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 441 milyon 725 min manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Vəsait qoyuluşları çərçivəsində cari ilin ilk 5 ayında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 399 milyon 82 min manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 382 milyon 752 min manatı və ya 95,9 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.