Bəşəriyyətin insanlıq səhifəsinə salınan qara ləkə: Xocalı soyqırımı
Gəncə, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC
Xocalı soyqırımının 26-cı ildönümü Gəncə və Naftalan şəhərlərində, Samux və Daşkəsən rayonlarında təşkil olunan anım tədbirlərində dərin hüznlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə Xocalı sakinlərinin məskunlaşdığı qəsəbədə keçirilən anım mərasimində şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, ziyalılar, Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı abidəsinin önünə gül dəstələri düzüblər. Mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.
Xocalı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Əliyev tədbirdə çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı yaddaşlardan heç vaxt silinməyəcək.
Xocalı rayon Kosalar kənd sakini Ülkər Quliyeva vurğulayıb ki, erməni millətçiləri törətmiş olduqları faciə ilə qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında sınmadılar, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında qeyd edib ki, bu qanlı faciəyə ilk dəfə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi-siyasi qiymət verilib, 26 fevral Xocalı soyqırımı günü elan edilib. Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə bir sıra uğura imza atıb. Artıq dünyanın bəzi ölkələrində, o cümlədən ABŞ-ın 21 ştatında Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.
Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompazisiya nümayiş etdirilib.
Sonda icra hakimiyyətinin başçısı Elmar Vəliyev sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.
X X X
Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə Naftalan şəhərində geniş anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, səhiyyə və təhsil işçiləri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhər ictimaiyyəti Naftalan şəhərində Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstəsi qoyublar.
Sonda Xocalı faciəsi qurbanlarının və şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən övladlarının xatirəsinə dualar oxunub.
X X X
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının inzibati binasında Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş "Xocalı qan yaddaşımız" mövzusunda anım tədbiri təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalıya həsr olunmuş foto və əl işlərindən ibarət kompozisiyalara baxıblar.
Mərasim Xocalı soyqırımında həlak olan həmvətənlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayın hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönələn qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
Anım mərasimi Xocalı faciəsinə həsr olunmuş sənədli filmin və məktəblilərin hazırladıqları rəsm sərgisinin nümayişi ilə davam etdirilib.
X X X
Daşkəsəndə ictimaiyyət fəallarının iştirakı ilə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Xocalı şəhidlərinin, o cümlədən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, 26 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada dayanan soyqırımı törədiblər. Həmin gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın köməyi ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum ediblər. Dinc mülki əhali, uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə öldürülüb.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiyməti ulu öndər Heydər Əliyev verib. Belə ki, 1994-cü ildə Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib. Həmin qərarla fevralın 26-sı Xocalı soyqırımı günü kimi qəbul olunub.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə təşkil edilən və faciə həqiqətlərinin yayılmasına yönəlmiş “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində işləri daha da sürətləndirib.
Tədbirdə çıxış edənlər Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş və bu amansız soyqırımının qurbanına çevrilmiş dinc, günahsız soydaşlarımızın keçdiyi məşəqqətli həyat yolundan söz açıblar.
X X X
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Göygöl və Gədəbəy rayonlarında da anım mərasimləri keçirilib.