Bəxtiyar Həsənov: Moskva azərbaycanlıları Qarabağa “Böyük Qayıdış” proqramının icrasını qürur hissi ilə izləyirlər
Moskva, 1 mart, AZƏRTAC
Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov AZƏRTAC-a müsahibəsində təşkilatın fəaliyyətindən, Moskvadakı Azərbaycan diasporunun cəmiyyətinin konsolidasiyasında rolundan, tarixi Vətənlə əlaqələrdən və cari il üçün planlarından bəhs edib.
-Rusiya ilə münasibətlər Azərbaycan üçün həmişə xüsusi əhəmiyyət kəsb edib. Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında nə deyə bilərsiniz?
-Rusiya vətəndaşı və bir azərbaycanlı olaraq böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Rusiya-Azərbaycan münasibətləri çoxəsrlik tarixi dostluq və mehriban qonşuluq ənənələri əsasında, iki ölkənin xalqları arasında dərin mədəni və humanitar əlaqələr fonunda, dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik Sazişinə uyğun olaraq inkişaf edir. Şübhəsiz ki, burada ölkələrimizin liderləri Vladimir Putinin və İlham Əliyevin şəxsi qarşılıqlı münasibətləri böyük rol oynayır. Bu dostluq əlaqələri qarşılıqlı rəğbət, etimad zəminində inkişaf edən dövlətlərarası əlaqələrin bütün kompleksinə təkan verir, xalqlarımızın maraqlarına tam uyğundur, həm regional, həm də beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinə kömək edir.
-Münasibətlərin möhkəmləndirilməsində ictimai təşkilatların rolu nədən ibarətdir?
-Mən Rusiya qanunvericiliyinin milli-mədəni muxtariyyətlərə verdiyi xüsusi status, konkret olaraq bir çox dövlət strukturlarında yaradılan əlverişli şərait və göstərilən dəstək üzərində dayanmaq istərdim. Təbii ki, soydaşlarımızın qanuni hüquq və maraqlarının təmin edilməsinə müsbət təsir edən bu strukturların fəaliyyəti milli dilin, özünəməxsus mədəniyyətin inkişafına da şərait yaradır. Moskvadakı fəaliyyətimizdə aşağıdakı məsələlərə xüsusi diqqət yetiririk: Moskvaya çalışmaq üçün müvəqqəti gələn miqrantların maraqlarının qorunması və onlara dəstək göstərilməsi, bu şəxslərin hüquqi və sosial-mədəni müstəvidə yeni şəraitə uyğunlaşması. Bu yaxınlarda Saxarovoda deportasiya məqsədilə saxlanılan miqrantların müvəqqəti saxlanılma Mərkəzində olduq, bu müəssisənin rəhbərliyi ilə soydaşlarımıza operativ kömək göstərilməsi üçün sıx əlaqələr yaratdıq. Moskva Hökumətinin Millətlərarası Problemlər Şurasının və Moskva şəhəri Daxili İşlər İdarəsinin İctimai Şurasının üzvü kimi mən bir sıra təxribatların qarşısını ala bildim, etnik və dinlərarası münaqişə zəminində millətçi və dini ekstremist qrupların, xüsusən gənclər arasında münasibətlərin qızışdırılmasına yönəlmiş hərəkətlərə dair problemlərlə bağlı xəbərdarlıq etdim. Bütün bunlar Moskvanın müvafiq departamentləri və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə sıx təmas şəraitində həyata keçirildi.
-Moskvadakı Azərbaycan diasporunun cəmiyyətin konsolidasiyasında rolu nədən ibarətdir?
-Azərbaycanlıların əksəriyyəti SSRİ dövründə olduğu kimi, bu gün də elm, mədəniyyət, incəsənət, sənayenin müxtəlif sahələrində aparıcı mövqe tutur. Bu gün onların övladları və nəvələri ailə ənənələrini uğurla davam etdirirlər, məktəbi qızıl medalla bitirir, fənn olimpiadalarında, idman və musiqi festivallarında, müsabiqələrdə yüksək yerlər tuturlar. Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti həmfikirlərinin bir ildən artıqdır ki, yenilənmiş komandası həm Rusiya paytaxtında, həm də onun regionlarında milli diaspor təşkilatları arasında ən fəallardan birinə çevrilib. Son aylar ərzində biz Mixail Zabelinin sədri olduğu Azərbaycanın rus icması, German Zaxaryayevin prezidenti olduğu Rusiya Dağ Yəhudilərinin Beynəlxalq Fondu- STMEQİ, Vaqif Məmişovun rəhbərlik etdiyi Sankt-Peterburq şəhərindəki Azərbaycan diasporu ilə sıx əlaqələr yaratmışıq. Bununla yanaşı, aparıcı alimlər, mütəxəssislər, mədəniyyət və incəsənət xadimləri, yazıçılar, şairlər, universitetlərin və orta məktəblərin müəllimləri ilə mütəmadi işgüzar görüşlər keçiririk. Xüsusi sevindirici haldır ki, müxtəlif sahələrdə çalışan və təhsil alan çoxsaylı gənclər ordusu da bizə kömək edir. Onlar bizim əsas dayağımızdır. Məhz onların dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Moskva Dövlət Linqvistika Universitetində konfrans, Moskva Avtomobil Yolu İnstitutunda müsabiqə kimi böyük və mötəbər tədbirlər keçirə bildik. Sonuncu tədbirdə 17 ölkədən olan 64 tələbə Heydər Əliyev haqqında öz işlərini təqdim etdilər. Bundan başqa, “Azərbaycan poeziyasının şedevrləri” adlı şeir qiraəti üzrə unikal müsabiqədə Rusiyanın 19 regionundan 5-25 yaş arasında 226 nəfər iştirak etdi. Həmçinin Rusiya Geologiya-Kəşfiyyat Universitetində “Azərbaycanlı geoloqların, neftçilərin Rusiyanın neft-qaz sahəsinə töhfəsi” mövzusunda elmi-nəzəri konfrans təşkil etdik. Onun işində Rusiya Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, neft profilli ali məktəblərin, Rusiya və Azərbaycanın elmi-tədqiqat institutlarının 26 elmlər doktoru iştirak etdi.
Azərbaycan və Belarus rəhbərliyi tərəfindən dəstəklənən təşəbbüsümüz – “Qardaşlaşmış şəhərlər” layihəsi, konkret olaraq Ordubad və Baranoviçi şəhərləri arasında sazişin imzalanması üzərində də dayanmaq istəyirəm.
-Moskva azərbaycanlıları Azərbaycanda seçkilərin nəticələrini necə qarşıladılar?
-İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırmış, güclü, iradəli şəxsiyyət dünyamiqyaslı nüfuzlu liderlərdən biri, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun yüksək erudisiyaya malik məzunu, atasının – Ümummilli Lider Heydər Əliyevin bütün arzu və planlarını həyata keçirən layiqli övladdır. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın şəhid olan igid oğullarının qəhrəmanlığı, həyatı bahasına əldə edilib. Bu Zəfər xalqımızın öz dövləti, onun lideri ətrafında sıx birləşməsinin nəticəsidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar çirkli informasiya kampaniyaları və feyk məlumatlara qarşı fədakarcasına mübarizə apardılar.
Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparılmasını və məcburi köçkünlərin doğma yurdlara qayıtmasını nəzərdə tutan “Böyük Qayıdış” proqramının Azərbaycan hökuməti tərəfindən uğurla həyata keçirilməsi bizdə qürur hissi doğurur.
-Bir neçə kəlmə 2024-cü il üçün planlarınız barədə danışardınız...
-Cari ildə bir neçə layihələrin həyata keçirilməsini nəzərdə tuturuq. Onların arasında görkəmli Azərbaycan alimlərinin, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinə, o cümlədən İkinci Dünya müharibəsində Sovet İttifaqı Qəhrəmanı adı almış azərbaycanlıların xatirəsinə həsr olunmuş tədbirlər, həmçinin qardaşlaşmış şəhərlər üzrə sazişlərin imzalanması, konfransların, dəyirmi masaların, Rusiya Prezidenti tərəfindən təsdiq edilmiş “2024 - Ailə İli” çərçivəsində Azərbaycan xalqının ailə ənənələri və dəyərlərinə həsr olunmuş sərgilərin təşkili nəzərdə tutulur. Eyni zamanda, “Azərbaycan poeziyasının şedevrləri”, “Qəhrəmanların nəvələri öz babaları, ulu babaları haqqında”, “Ən yaxşı Novruz xonçası” və başqa mövzularda müsabiqələr keçirəcəyik.
Müsahibənin sonunda fəaliyyətimizdən söhbət açılmasına və Rusiya-Azərbaycan münasibətlərinə dair fikirlərimi ifadə etməyimə şərait yaradan ölkənin ən nüfuzlu media orqanı - AZƏRTAC Dövlət İnformasiya Agentliyinə bütün Moskva azərbaycanlıları və şəxsən öz adımdan təşəkkürümü bildirmək istəyirəm. Əmin edirəm ki, Moskva şəhərindəki azərbaycanlı alimlər, yaradıcı ziyalılar, tanınmış ictimai xadimlər, fəal qadınlar, tələbələr və burada çalışan gənclər tarixi Vətənimizin qazandığı nailiyyətlərdən ruhlanaraq, Rusiya ilə Azərbaycan arasında iqtisadi və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün bütün səylərini sərf edəcəklər. Onlar, həmçinin Azərbaycan haqqında həqiqətləri geniş ictimaiyyətə çatdıracaqlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva