“Beynəlxalq Ana dili Günü”nə həsr olunmuş konfrans keçirilmişdir
Bakı, 19 fevral (AZƏRTAC). Fevralın 21-də Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Milli İcmaların Koordinasiya Şurasının (MİKŞ) təşkilatçılığı ilə “Beynəlxalq Ana dili Günü”nə həsr olunmuş konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, AGAT-ın idarə heyətinin sədri Nərgiz Eyvazova ölkəmizdə yaşayan milli azlıqlar haqda məlumat vermiş, onların nümayəndələri ilə birgə həyata keçirilən layihələr barədə danışmışdır.
N.Eyvazova qeyd etmişdir ki, konfransın keçirilməsində əsas məqsəd milli şüurun formalaşmasında ana dilinin rolunu və hər bir millətin tarixində ana dilinin vacibliyini müzakirə etməkdir. Mədəni irsin təməl sütunlarından olan, insanın milli-mədəni mənsubiyyətini və mənəviyyatını müəyyən edən əsasların ən vacibi olan dil amilinin gələcək nəslin həyatında böyük əhəmiyyətini qeyd edən N.Eyvazova təşkilatın bu sahədə bir sıra tədbirlər planlaşdırdığını bildirmişdir.
Ölkəmizdə rus dilinin qorunması istiqamətində görülən işlər barədə danışan MİKŞ-ın rus icmasının nümayəndəsi Lyubov Yakunina bu il ölkəmizdə “Rus dili həftəsi”nin təşkil olunmasını buna misal göstərmişdir. O, bildirmişdir ki, rus dilini öyrənmək istəyənlər üçün xüsusi kurslar təşkil olunur.
Türk Tələbələr Birliyinin sədri Yunus Altun türk dili haqqında məlumat vermiş, MİKŞ ilə birgə həyata keçirdikləri layihələr haqda danışmış və gələcəkdə görüləcək işlər barədə məruzə ilə çıxış etmişdir.
Sonda MİKŞ-in 1 il ərzində gördüyü işlər barədə videoçarx nümayiş olunmuşdur.