Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Malayziyada rəsmi səfərdə olub
Vyana, 19 yanvar, AZƏRTAC
Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli Malayziyada rəsmi səfərdə olub. Səfər çərçivəsində Baş katib Malayziyanın Baş naziri Ənvər bin İbrahim, habelə Malayziya Mülki Müdafiə Qüvvələrinin rəhbəri Məhəmməd Abiddin bin Abd Rəhman ilə görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, BMMT ilə Malayziya arasında mülki müdafiə, fəlakət risklərinin azaldılması, fövqəladə hallara hazırlıq və cavab tədbirləri sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşlərdə Malayziyanın mülki müdafiə və fövqəladə halların idarəolunması sahəsində praktiki imkanları və zəngin təcrübəsi xüsusi qeyd edilib, ölkənin BMMT üçün mühüm və etibarlı tərəfdaş olduğu bildirilib.
Tərəflər, həmçinin BMMT-nin humanitar fəaliyyəti çərçivəsində həyata keçirilən cari layihə və fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparıb, bu tədbirlərin təşkilatın fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə və üzv dövlətlərə göstərilən dəstəyin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Görüşlərdə, eyni zamanda, Malayziyanın BMMT-nin növbəti sessiyalarına ev sahibliyi imkanları nəzərdən keçirilib, qarşılıqlı dialoqun və praktiki əməkdaşlığın genişləndirilməsi, habelə BMMT-Malayziya münasibətlərinin gələcəkdə də müsbət və konstruktiv istiqamətdə inkişaf edəcəyinə dair inam ifadə olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana