MƏDƏNİYYƏT
Beynəlxalq Türk Akademiyası Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Yeddi gözəl” əsərlərinin nəşrini hazırlayır
Nur-Sultan, 9 mart, AZƏRTAC
Beynəlxalq Türk Akademiyası və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə “Nizami Gəncəvi 880: Dünya irsinə töhfəsi” adlı birgə veb-konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konfransın “Nizami və onun irsi”, “Nizami və dünya 2021-ci ildə” adlı panel sessiyasında dünyanın müxtəlif ölkələrindən tanınmış dövlət və ictimai xadimlər, beynəlxalq təşkilat rəhbərləri, görkəmli elm adamları və ziyalılar iştirak edirlər.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamını dəstəkləyərək, 2021-ci ili bütün türk və İslam dünyasında “Nizami Gəncəvi İli” elan edib. Bununla bağlı yubiley tədbirləri təşkilatın 2021-ci il üçün Fəaliyyət Planına daxil edilib.
Akademiyanın rəhbəri Darxan Kıdırali Nizami irsini dünyada daha yaxşı təbliğ etmək üçün elmi məqalələr və araşdırmalarla yanaşı, qısametrajlı sənədli filmlərin çəkilməsinə də ehtiyac olduğunu, texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə bunun çox önəmli tanıtım vasitəsi olacağını bildirib.
D. Kıdırali akademiya tərəfindən bu il şairin “Leyli və Məcnun”, “Yeddi gözəl” əsərlərinin yer aldığı nəfis tərtibatlı xüsusi nəşrin hazırlandığını və yaxın günlərdə həmin nəşrin işıq üzü görəcəyini qeyd edib.
Xatırladaq ki, ötən il dekabrın 30-da Beynəlxalq Türk Akademiyası ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bundan başqa Beynəlxalq Türk Akademiyası hələ 3 il öncə 2018-ci ildə Nizaminin bəzi əsərlərini Qazax dilinə tərcümə edib və “Azərbaycan ədəbiyyatı antologiyası”na dahi şairin həmin əsərlərini daxil edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan