Beynəlxalq usta: Naxçıvan Şahmat Federasiyasının keçirdiyi yarışlarda təşkilatçılıq həmişə yüksək səviyyədə olub
Naxçıvan, 26 may, AZƏRTAC
Naxçıvan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən bütün yarışlar həm təşkilatçılıq səviyyəsi, həm də oyunçuların güclü olması baxımından diqqəti cəlb edir. 2013-cü ildən Naxçıvanda keçirilən yarışlarda iştirak edən bir şahmatçı kimi mən bunu qətiyyətlə deyə bilərəm.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən şahmat üzrə Azərbaycan çempionatının iştirakçısı, qadınlar arasında beynəlxalq usta Səbinə İbrahimova deyib.
Səbinə İbrahimova vurğulayıb ki, Naxçıvanda təşkil edilən beynəlxalq şahmat festivallarına güclü qrossmeysterlər gəlir. Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı da yüksək səviyyədə davam edir. Bundan əvvəl kişilər arasında Azərbaycan çempionatı keçirilirdi. Bu yarışlar Naxçıvandan olan şahmatçılar üçün də bir təkan, stimuldur. Belə yarışların təşkili iştirakçıların təkmilləşməsinə, inkişafına şərait yaradır.
Beynəlxalq usta deyib: “Mənim də yaxşı nəticələrim olub, Naxçıvanda bu sahə üzrə xeyli təcrübə qazanmışam. Deyərdim ki, Naxçıvan şəhəri gözəl, tarixi şəhərdir, həm də məsafə cəhətdən yaxın olduğu üçün çempionatın burada təşkili məni sevindirdi. Hazırkı yarışda ilk turdan etibarən gərgin mübarizə gedir. Hələ çempionatın başa çatmasına bir neçə tur var. Çalışacağam ki, digər oyunlarda müsbət nəticələr əldə edim”.