Bəzi qanun və məcəllələr icra sənədləri üçün müəyyən edilmiş tələblərə uyğunlaşdırılır
Bakı, 14 sentyabr, AZƏRTAC
Mülki Prosessual, İnzibati Xətalar Məcəllələrində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişikliklər ediləcək.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 14-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənəd “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2022-ci il 2 dekabr tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb.
Belə ki, həmin Qanunun qəbul edilməsi ilə “İcra haqqında” Qanunun 7-ci maddəsində icra sənədləri üçün müəyyən edilən tələblərdə dəyişiklik edilərək, icra sənədlərində göstərilməli olan bəzi məlumatlar dəqiqləşdirilmiş, həmçinin icra sənədlərində məcburi icranı asanlaşdıra biləcək bir sıra əlavə məlumatların göstərilməli olduğu müəyyən edilib.
Buna görə də icra sənədi hesab edilən məhkəmə əmrində, notariusun icra qeydlərində, inzibati orqanların pul tələbi ilə bağlı inzibati aktlarının və bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası üçün tələbin icraya yönəldilməsi haqqında qərarlarında, həmçinin səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən qəbul edilən və məcburi icraya yönəldilə bilən inzibati xəta haqqında iş üzrə qərarlarda həmin məlumatların öz əksini tapması zərurəti yaranıb.
Təqdim edilən qanun layihəsində müvafiq dəyişikliklər edilməsi, icra sənədləri sayılan qeyd edilən aktların məzmununun “İcra haqqında” Qanunda icra sənədləri üçün müəyyən edilmiş tələblərə uyğunlaşdırılması təklif edilir.