Bilik Fondu Türkiyə və Rusiya universitetlərinin alimlərini əməkdaşlığa dəvət edib
Bakı, 2 may, AZƏRTAC
Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Milli mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Türkiyə və Rusiya universitetlərinin alimləri mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovla görüşüblər.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, O.Səmədov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək beynəlxalq əlaqələr müstəvisində həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, Fondun "Azərbaycan elmi xaricdə", "Dünya elmi Azərbaycanda" layihələri çərçivəsində 70-dən çox xarici ölkə alimləri tədbirlərə cəlb olunublar.
Qonaqları əməkdaşlığa dəvət edən icraçı direktor Fondun Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və diplomatik nümayəndəlikləri, elm və təhsil ocaqları ilə əməkdaşlığından söz açıb, mayın 4-də Bakıda III beynəlxalq şagird konfransının keçiriləcəyini, bu ilin son aylarında isə magistrantlar konfransının təşkil olunacağını diqqətə çatdırıb.
Türkiyəli və rusiyalı alimlər qarşılıqlı əlaqələrin genişləndirilməsinə töhfə verməyə hazır olduqlarını deyiblər. Qonaqlar Bilik Fondu ilə birgə “dəyirmi masa”ların, elmi seminar və simpoziumların keçirilməsinin faydalı ola biləcəyini də qeyd ediblər.
Qeyd edək ki, görüşdə Türkiyənin Ortadoğu Texniki Universitetinin professorları Ayşegül Aydıngün və Ayşe Ceylan Tokluoğlu, Sakarya Universitetinin professorları Mustafa Kamal Şan və Musa Taştelen, Moskva Dövlət Hüquq Universitetinin birinci prorektoru, professor Yelena Qraçova iştirak ediblər.