Binəqədidə karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” zalı aşkarlanıb VİDEO
Bakı, 22 aprel, AZƏRTAC
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” oyun zalı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbədə paytaxt sakini Cəlal Cabbarlının “play station” salonu işlətdiyi məlum olub. Obyektə baxış zamanı daha iki müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkarlanıb. C.Cabbarlı və müştərilər saxlanılaraq rayon polis idarəsinin 4-cü polis şöbəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barədə polis şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.