Bitki yarpaqlarının xəstəliklərini müəyyən etmək üçün yanaşma metodu işlənilib
Bakı, 18 oktyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının “Dərin model əsasında bitki xəstəliklərinin aşkarlanması” (Plant disease detection based on a deep model) adlı məqaləsi nüfuzlu “Soft Computing” jurnalında dərc olunub. “Web of Science” bazasında indeksləşən jurnalın impakt faktoru 3.643-ə bərabərdir.
Məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, aparıcı elmi işçi texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat və hazırda Çin Xalq Respublikası Tsinqua Universitetinin tələbəsi olan Ruslan Bayramovdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat çərçivəsində bitki yarpaqlarının xəstəliklərini müəyyən etmək üçün yanaşma metodu işlənilib.
Yanaşma dərin konvolusiya neyron şəbəkəsinə (convolutional neural network, CNN) və idarə edilən rekurrent neyron şəbəkələrə (gated recurrent unit, GRU) əsaslanır. Təklif olunan modeli öyrətmək və yanaşmanın effektivliyini qiymətləndirmək üçün yarpaq şəkillərinin böyük həcmli toplusundan istifadə olunub. Eksperimental nəticələr göstərir ki, təklif edilmiş CNN+GRU modeli bitkilərdə geniş yayılmış yarpaq xəstəliklərini yüksək dəqiqliklə müəyyən edə bilir.
Qeyd edək ki, 2020-ci ildə Akademik Z.Əliyeva adına liseyin şagirdi olmuş Ruslan Bayramov bu ideyaları mobil robotda reallaşdırıb və həmin işinə görə “Sabahın alimləri” IX Respublika müsabiqəsinin kompüter elmləri üzrə qaliblərindən olub və ölkəmizi ABŞ-da keçirilən ISEF müsabiqəsində təmsil etmək hüququ qazanıb.