BMT Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklif beynəlxalq müstəvidə yüksək dəyərləndirilib
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilmiş Zirvə görüşündə məruzəsi zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları müstəvisində xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edərkən, yenə Ermənistan öz iç üzünü göstərərək, təklifə qarşı çıxdı.
BMT-nin Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən dəvət edilməlidir. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi təşəbbüsə müsbət cavab verdiyi təqdirdə xüsusi sessiya təşkil oluna bilər. Azərbaycan Prezidentinin təklifinə isə BMT-yə üzv olan 130-dək ölkə dəstək verib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial münasibətləri şöbəsinin müdiri, dosent Ələddin Məlikov deyib.
O bildirib ki, bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan bu bəşəri təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl simasının şahidi oldu.
“Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Azərbaycan Prezidentinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu bildirilir. Prezident İlham Əliyevin bu ümumbəşəri təklifi beynəlxalq müstəvidə yüksək dəyərləndirilərək, qəbul edildi. Bunu isə Azərbaycan Respublikasının qlobal baxışının təzahürü kimi xarakterizə etmək olar”, - deyə Ələddin Məlikov qeyd edib .