BMT böyük dövlətlərin əlində təsir mexanizmli təşkilata çevrilib
Bakı, 27 oktyabr, AZƏRTAC
1995-ci ildən sonra ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Dağlıq Qarabağda başlanılan Vətən müharibəsinin 2-ci günü, yəni, sentyabrın 29-da Estoniya və Almaniya dövlətlərinin təklifləri əsasında mövcud hərbi vəziyyətlə bağlı məsələyə baxılıb və hər hansı bir yekun sənəd səsləndirilməyib.
Dağlıq Qarabağ ətrafında yerləşən rayonlarımız (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) Azərbaycanın rəşadətli Ordusu tərəfindən işğaldan azad olunub, oradakı terrorçu qruplaşmalara və Ermənistanın silahlı qüvvələrinə aid hərbi texnika məhv edilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
Deputat qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri humanitar atəşkəsin imzalanmasına dair birgə bəyanat səsləndirdikdən sonra Rusiya və Fransanın təklifləri əsasında oktyabrın 19-da BMT Təhlükəsizlik Şurası bir daha münaqişənin həlli ilə bağlı müzakirə keçirib və bəyanat hazırlayıb. Lakin təəssüflə qeyd olunmalıdır ki, dünyadakı siyasi riyakarlıq və ikili standartlar burada da özünü göstərib. Bu bəyanatda 1993-cü ildə münaqişənin ədalətli həlli istiqamətində qəbul olunan məlum dörd qətnaməyə heç bir istinad edilməyib. Yalnız BMT Təhlükəsizlik Şurasının digər qeyri-daimi üzvləri və Qoşulmama Hərəkatının üzv dövlətlərinin BMT-dən fərqli israrlı və prinsipial mövqeyindən sonra bəyanat qəbul olunmayıb və rəsmən geri götürülüb. Bununla da həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Bandunq prinsiplərinə - dövlətlərin ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, qarşılıqlı mənafelərin qorunması və sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi, Qoşulmama Hərəkatının sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdiriblər.
“Beləliklə, BMT-nin öz Nizamnaməsini yerinə yetirə bilməməsinə dair fikirlər artıq təsdiqini tapır. BMT böyük dövlətlərin əlində təsir mexanizmli təşkilata çevrilməklə 2020-ci ildə demək olar ki, olan-qalan nüfuzunu da itirdi. ATƏT-in Minsk qrupunun həmsədr institutu isə artıq ədalətli qərarlar qəbul etmək şansını tamamilə itirib. BMT Təhlükəsizlik Şurasının bu biabırçı vəziyyətdən çıxmasına, yuxarıda qeyd olunduğu kimi, Qoşulmama Hərəkatının üzv dövlətləri kömək etməyə çalışır və hesab edirəm ki, Təhlükəsizlik Şurasının oktyabrın 19-da keçirilən iclasında nümayiş etdirdiyi ikili standartlara söykənən siyasi oyunbazlıq bütün dünya üçün ibrət olmalıdır”, - deyə deputat qeyd edib.
M.Əfəndiyev bildirib ki, bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirən nümunəvi üzv dövlətdir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına şərəflə, ləyaqətlə rəhbərlik etməkdədir. Ölkəmiz Qoşulmama Hərəkatının prinsiplərinə uyğun verilmiş bütün qərarların icrasına nəzarəti gücləndirərək, dünyada haqqın, ədalətin bərqərar olunması üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcək.
“Bütün Azərbaycan xalqı, başda Müzəffər Ali Baş Komandan olmaqla ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunanadək haqq-ədalət mübarizəsini aparacaq, heç vaxt bu yoldan dönməyəcək. Nə qədər ki, gec deyil dünya dövlətlərini BMT-nin sülhün, əmin-amanlığın qorunması prinsiplərinə sadiq qalması, haqqın, ədalətin bərqərar olunması üçün bu təşkilata təsir göstərməyə çağırıram”, - deyə deputat vurğulayıb.