Ekspert: Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Türk dünyası ilə daha yaxşı əlaqə yarada biləcək
Ankara, 28 avqust, AZƏRTAC
Qlobal təchizat marşrutlarında baş verən dəyişikliklər fonunda Orta Dəhlizin və onun strateji həlqəsi olan Zəngəzur dəhlizinin, eləcə də “İnkişaf yolu” təşəbbüsünün (İraqın cənubundan Türkiyə ilə sərhədə qədər – red.) əhəmiyyəti artır. Belə bir şəraitdə Türkiyə yalnız tranzit məntəqəsi rolunu oynayan ölkələr sırasından çıxaraq Avropa-Asiya ticarətinin güclü logistika və istehsal mərkəzinə çevrilir.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin Harran Universitetinin Beynəlxalq Ticarət və Logistika kafedrasının müdiri, dosent Həsən Bardakçı səsləndirib.
O, yerli telekanallardan birinin efirində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasındakı marşrutun əhəmiyyətini vurğulayıb. “Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Türk dünyası ilə daha yaxşı əlaqə yaradacaq ki, bu da çox vacibdir”, - deyə Həsən Bardakçı vurğulayıb.
Onun fikrincə, Zəngəzur dəhlizi “İnkişaf yolu” ilə birlikdə Türkiyənin dünya ticarətində mövqeyini möhkəmləndirməsi üçün mühüm strateji imkanlar açacaq:“Tranzit gəlirləri ilə kifayətlənmək olmaz. Əgər Türkiyə bu dəhlizlərin ətrafında iri logistika mərkəzləri və azad iqtisadi zonalar yarada, yüksək əlavə dəyər yaradan istehsalın həcmini artıra bilsə, iqtisadi gəlir dəfələrlə artacaq”.
Türkiyə universitetinin kafedra müdiri dünyanı “alternativ marşrutlar iqtisadiyyatı” ideyasına gətirib çıxaran Hörmüz boğazı ətrafındakı böhrana da diqqət çəkib. “Hörmüz böhranı bizə çox sadə, lakin vacib bir həqiqəti göstərdi: Dünya ticarətində bir marşrutdan asılılıq iqtisadi risk yaradır. Hörmüz boğazında gəmiçiliyin pozulması və Qırmızı dənizdə təhlükəsizliklə bağlı problemlər dəniz daşımalarının nə qədər kövrək olduğunu bir daha nümayiş etdirdi. Bütün bu hadisələr Türkiyədən keçən quru və dəmir yolu marşrutlarının strateji əhəmiyyətini artırdı”, - deyə o bildirib.
Həsən Bardakçı Türkiyənin ticarət və logistikanın “alternativ mərkəzinə” çevrilə biləcəyinə əmindir: “Bu məqsədə çatmaq üçün, əlbəttə, yalnız coğrafi mövqe kifayət deyil. Logistika infrastrukturunun, təhlükəsizlik sistemlərinin, gömrük prosedurlarının sürətinin, dəmir yolu imkanlarının, limanların və rəqəmsal ticarət infrastrukturunun əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi zəruridir. Buna konkret nümunələrdən biri Türkiyənin Hörmüz boğazında yaranan fasilələrlə bağlı ticarətə dəyən zərəri azaltmaq məqsədilə Səudiyyə Ərəbistanı ərazisindən tranzit daşımalar mexanizminin yaradılması ilə bağlı irəli sürdüyü ideyadır”.
Harran Universitetinin kafedra müdiri qeyd edib ki, böhranlar Ankaraya belə bir mesaj verir: “Türkiyə, sadəcə, körpü deyil, düzgün investisiyalar olduğu təqdirdə, bu ölkə dünyada ənənəvi ticarət təchizatı marşrutlarına güclü alternativə çevrilə bilər”.