Qlobal şirkətlərdən süni intellekt mənşəli kibertəhdidlərə qarşı “ortaq müdafiə” çağırışı
Bakı, 28 avqust, AZƏRTAC
“OpenAI”, “Google”, “Microsoft” və “Amazon” da daxil olmaqla, 100-dən çox qlobal şirkətin imzaladığı açıq məktubda qarşıdakı dövrdə artacağı gözlənilən süni intellektlə dəstəklənən kiberhücumlara qarşı hərtərəfli müdafiə tədbirlərinin həyata keçirilməsinə çağırış edilib.
AZƏRTAC xəbər verir ki, “OpenAI”ın internet saytında “Kibermüdafiə üçün birgə fəaliyyət çağırışı” başlıqlı açıq məktub dərc olunub.
Məktubda dünya üzrə süni intellekt modellərinin imkanlarının artması ilə kiberhücumların daha geniş yayılacağı və mürəkkəb xarakter alacağı barədə xəbərdarlıq edilib.
Xəstəxanalardan sutəmizləmə qurğularına və internet infrastrukturuna qədər kritik xidmətlərin risk altında olduğu vurğulanan məktubda belə deyilir: “Kibermüdafiəmizi gücləndirmək üçün məhdud zaman pəncərəmiz var. Mövcud təhlükəsizlik yanaşmasının kifayət etməyəcəyini qəbul etməliyik”.
Məktubda süni intellekt sahəsindəki inkişafların illər ərzində toplanmış təhlükəsizlik zəifliklərinin aradan qaldırılması üçün “müdafiəçilərə” yeni imkanlar yaratdığı bildirilib və rəqəmsal dünyanı daha təhlükəsiz etmək üçün əsas fəaliyyət istiqamətləri sadalanıb.
Bütün təşkilatların kibermüdafiəni təcili prioritetə çevirməli olduğu vurğulanan məktubda kibertəhlükəsizlik şirkətləri və texnologiya tərəfdaşlarının da mövcud alətlərini süni intellektlə gücləndirməli olduğu qeyd edilib.
Məktubda hökumətlərin kibermüdafiəni yerli, milli və beynəlxalq səviyyələrdə əlaqələndirməli, təhdid kəşfiyyatı kanallarını gücləndirməli və müdafiə üçün əlavə maliyyələşdirmə təmin etməli olduğu bildirilib.
Həmçinin qeyd olunub ki, aparıcı süni intellekt şirkətlərinin resurs məhdudiyyətləri ilə üzləşən vacib infrastruktur müdafiəçilərinə modelə çıxış, maliyyələşdirmə, təlim və praktik dəstək təmin etməklə davamlı monitorinq mexanizmlərinə investisiya qoyması lazımdır.
Şirkətlər məktubda bütün dünyada dövlət və özəl sektor rəhbərlərini texnologiya, resurs və təcrübələrini bu ortaq səylərə cəlb etməyə çağırıblar.
Müxbir – Göyçək Mahmudlu