Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 10 mini keçib
Bakı, 28 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanına uyğun olaraq İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.
Fonddan AZƏRTAC-a bildirilib ki, avqustun 28-nə qədər bu mexanizm vasitəsilə 10015 ailənin mənzil şəraiti yaxşılaşıb. Bunun 945-i cari ildə bağlanmış müqavilələrin payına düşür. İlin sonuna kimi kirayə müqavilələrinin sayının artacağı gözlənilir.
Satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 faizindən çoxu gənclər və gənc ailələrdir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8 ünvan Bakı şəhərində, 6 ünvan Abşeron rayonunda (Xırdalan şəhərində 3 ünvan, Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3 ünvan isə Sumqayıt şəhərində yerləşir.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərinə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə edilməklə təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz edilib, eyni zamanda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.