Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Niderland kollektivi ilə qarşılaşıb
Bakı, 28 avqust, AZƏRTAC
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderland voleybolçuları ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında keçirilən oyun Niderland millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun ilk setində Azərbaycan millisi böyük hesabla üstün olub: 25:15. İkinci setdə daha inamlı təsir bağışlayan Niderland yığması hesabı bərabərləşdirib: 25:16. Üçüncü set isə daha gərgin mübarizə şəraitində keçib. Daha dəqiq oynayan Niderland set hesabında önə keçib: 25:22. Dördüncü setdə isə arenaya toplaşan azarkeşlər başabaş oyuna şahid olublar. Setin sonlarında Niderland voleybolçuları üstünlüyü ələ keçiriblər: 25:19.
Qeyd edək ki, qrupu 8 xalla üçüncü pillədə başa vuran Azərbaycan yığması 1/8 final mərhələsinə vəsiqə qazanıb.
C qrupunun digər oyununda isə Rumıniya İspaniyanı 3:0 hesabı ilə məğlub edib.