Keçmiş futbolçu: “Qarabağ” avrokuboklara daha güclü qayıdacaq
Bakı, 28 avqust, AZƏRTAC
Bütün Azərbaycan futbol ictimaiyyəti kimi mən də “Qarabağ”ın qrup mərhələsində mübarizə aparacağını gözləyirdim. Neçə illərdir Ağdam təmsilçisinin bizi sevindirməsinə, avrokubokların əsas mərhələsində çıxış etməsinə öyrəşmişik. Bu il də hər şey buna doğru gedirdi. Təəssüf ki, son saniyələrdə buraxılan qol mərhələ keçməyə imkan vermədi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın keçmiş futbolçusu Rahid Əmirquliyev komandanın UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda Niderlandın "Tvente" komandasına əlavə vaxtda 1:4 hesabı ilə uduzduğu cavab oyunu barədə danışarkən deyib.
Təcrübəli yarımmüdafiəçi nəticənin üzücü olduğunu, lakin futbolda belə halların yaşandığını bildirib: “Futbolda belə məqamlar olur. Digər təmsilçimiz “Sabah” son dəqiqələrdə qol vuraraq Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandığı halda, “Qarabağ”da bunun əksi baş verdi və son dəqiqələrdə qol buraxdıq. Qola qədər “Qarabağ” çox yaxşı oyun nümayiş etdirirdi. Təəssüflər olsun ki, bu dəfə istədiyimiz alınmadı”.
R.Əmirquliyev vurğulayıb ki, komanda ruhdan düşməməli və diqqətini daxili çempionata yönəltməlidir. “Buna baxmayaraq, üzülməyə dəyməz. İnanıram ki, “Qarabağ” gələn mövsüm avrokuboklara bundan da güclü şəkildə qayıdacaq. Beynəlxalq turnirlərdə çıxışın olmaması komandanın tam şəkildə daxili çempionata köklənməsinə şərait yaradacaq. Sıx qrafik olmayacağı üçün oyunlara hazırlaşmağa və tam gücü Premyer Liqaya qoymağa kifayət qədər vaxt olacaq”.
Qeyd edək ki, ilk görüşdə 1:0 hesablı qələbəyə baxmayaraq, evdə böyük hesabla uduzan “Qarabağ” avrokuboklarla vidalaşıb. “Tvente” isə UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.