Xəyal Bəşirov: Bakı və Daşkənd müttəfiqlik əlaqələrini regional miqyasda genişləndirir
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan–Özbəkistan münasibətləri son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi, imzalanan mühüm sənədlər və həyata keçirilən konkret layihələrlə yeni mərhələyə qədəm qoyub. Dövlət başçıları arasında müntəzəm təmaslar, qarşılıqlı səfərlər, ali dövlət mükafatlarının təqdim olunması və müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması iki ölkənin qarşısında böyük hədəflərin dayandığını göstərir. Bu proseslər, eyni zamanda, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında formalaşan daha geniş əməkdaşlıq məkanı kontekstində qiymətləndirilməsini zəruri edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.
“Dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərdən sonra görülən işlərin mahiyyəti və əldə olunan nəticələr göstərir ki, tərəflərin qarşısında uzunmüddətli və böyük hədəflər var. Azərbaycanla Özbəkistan arasındakı münasibətlər müxtəlif platformalarda inkişaf edir. Bu, bir tərəfdən iki qardaş, dost və müttəfiq dövlət arasındakı ikitərəfli əlaqələri, digər tərəfdən isə daha geniş regional əməkdaşlığı özündə ehtiva edir”, – deyə siyasi şərhçi qeyd edib.
O vurğulayıb ki, Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqdır: “Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi görüşləri formatına dəvət olunması və bu əməkdaşlığın “5+1” formatında inkişaf etməsi Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni səviyyəyə yüksəldiyini göstərir. Beynəlxalq platformalarda Bakı ilə Daşkənd arasında qarşılıqlı fəaliyyətin genişlənməsi hər iki dövlətin və xalqın maraqlarına cavab verir. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq və bərpa prosesində Özbəkistanın özünəməxsus rolu var. Füzuli rayonunda Mirzə Uluqbəy adına orta məktəbin tikilməsi və istifadəyə verilməsi iki ölkə arasındakı qardaşlığın praktiki ifadələrindən biridir. Xankəndidə Azərbaycan və Özbəkistanın birgə inşa etdiyi tikiş fabrikinin fəaliyyəti iqtisadi əməkdaşlığın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi prosesinə necə inteqrasiya olunduğunu göstərir. Bu, eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizinin işə düşməsi və Orta Dəhlizin əsas seqmentlərindən birinin formalaşması baxımından Azərbaycanın Mərkəzi Asiya dövlətləri, xüsusən də regionun aparıcı ölkələrindən olan Özbəkistanla münasibətlərinin inkişaf etdirilməsinin əhəmiyyətini artırır”, – deyə o vurğulayıb.
X.Bəşirov qeyd edib ki, təxminən 450 min kvadratkilometr əraziyə, 40 milyona yaxın əhaliyə, zəngin təbii sərvətlərə və inkişaf edən iqtisadiyyata malik Özbəkistan Mərkəzi Asiyanın mühüm dövlətlərindən biridir. Özbəkistanın coğrafi mövqeyi də onun regional nəqliyyat və logistika sistemində rolunu artırır. Ölkə həm Orta Dəhlizin formalaşan nəqliyyat sistemində, həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində mühüm mövqeyə malikdir. Orta Dəhliz və Trans-Xəzər marşrutu Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcək inkişafında xüsusi əhəmiyyət daşıyacaq. Mərkəzi Asiyadan, o cümlədən Özbəkistandan daşınan yüklərin Xəzər üzərindən Azərbaycana, daha sonra isə Avropa istiqamətinə çatdırılması üçün formalaşan nəqliyyat imkanları iki ölkənin iqtisadi əlaqələrini daha geniş regional sistemə inteqrasiya edir. Zəngəzur dəhlizinin bu sistemə əlavə imkanlar qazandırması Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsinə şərait yarada bilər.
Müxbir - Səbinə Əlizadə