BMT mütəxəssisləri Bakıda ağacların müayinəsini həyata keçirib
Bakı, 10 mart, AZƏRTAC
Artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması hallarının baş verməsi dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib. Araşdırmalarla bağlı xüsusi olaraq Bakıya dəvət edilən BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri paytaxt ərazilərində bir sıra yerlərdə olub, araşdırmalar aparıblar.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar BŞİH-in başçısı Eldar Əzizov tərəfindən qəbul edilib. Görüşdə aparılan araşdırmaların nəticələri, xəstəliyin aradan qaldırılması yolları, yerli və xarici mütəxəssislərin təklifləri müzakirə edilib.
Bakı şəhərində şam ağaclarında yayılan xəstəliyin aradan qaldırılması ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, digər aidiyyəti qurumlarla birgə paytaxt ərazisində apardıqları tədbirləri və ümumilikdə gördükləri işləri yüksək qiymətləndirən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının aparıcı mütəxəssisi Şiroma Sathyapala araşdırmaların nəticələri barədə mətbuat nümayəndələrinə məlumat verib. Bildirilib ki, bu xəstəlik digər dövlətlərdə də qeydə alınıb və onun araşdırmaları Bakıda bu xəstəliyə qarşı mübarizə tədbirlərinin Almaniya, Kanada və Amerikadakından xeyli yaxşı vəziyyətdə olduğunu göstərib. Bakıda yeni əkilən ağacları, salınan meşə parkları çox müsbət hal kimi qiymətləndirən xanım Şiroma Sathyapala bildirib ki, qlobal iqlim dəyişiklikləri ağaclara da təsir göstərib və problemin aradan qaldırılması üçün xəstə ağaclar dərhal çıxarılaraq utilizə edilməlidir.
Qeyd edək ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanıb və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir. Bu günə kimi Bakı şəhərində 3 min ədəd şam ağacı kəsilərək utilizasiya edilib.