BMT-nin nümayəndəsi: Mina təhlükəsinin aradan qaldırılması üçün peşəkar kadrlara da ehtiyac var
Bakı, 3 sentyabr, AZƏRTAC
Dünyada mina təhlükəsinin aradan qaldırılması üçün maliyyə ilə yanaşı, müasir texnologiyalara, avadanlıqlara və peşəkar kadrlara da ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Minatəmizləmə Xidmətinin (UNMAS) Minatəmizləmə Proqramının rəhbəri Mark Konnelli deyib.
O bildirib ki, yeni texnologiyalar, o cümlədən süni intellekt, dronlar və qabaqcıl sensorlar bir sıra ölkələrdə hazırlanır və sınaqdan keçirilir. Bu texnologiyalar artıq bəzi ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərsə də, hələlik insan əməyini tam əvəz etmək və əsas rolu üzərinə götürmək imkanında deyil: “Bu, hazırda sənaye daxilində müzakirə və araşdırma mövzularından biridir. Lakin bu mərhələdə həmin texnologiyalar hələ universal xarakter daşımır”.
Mark Konnelli qeyd edib ki, yeni texnologiyaların inkişafı və müxtəlif ölkələrdə əldə olunan təcrübənin dünya üzrə paylaşılması olduqca vacibdir.
O, BMT-nin qlobal minatəmizləmə siyasətinə də toxunaraq deyib ki, UNMAS BMT Katibliyinin minatəmizləmə üzrə əsas əlaqələndirici qurumudur və bütün dünyada mina təhlükəsindən azadlığa nail olunması istiqamətində fəaliyyət göstərir.
Mark Konnelli maliyyə dəstəyinin əhəmiyyətini də vurğulayıb. O qeyd edib ki, əlavə maliyyə vəsaitinə ehtiyac olsa da, bununla yanaşı, texnologiya, avadanlıq və insan resursları da təmin edilməlidir.
“Biz hər zaman daha çox maliyyə vəsaitindən istifadə edə bilərik. Lakin texnologiya, kadrlar və avadanlıq olmadan maliyyə vəsaitindən səmərəli istifadə etmək mümkün deyil. Maliyyələşmə həmişə əsas məsələlərdən biridir, amma bununla yanaşı, insan resurslarına və digər dəstəyə də ehtiyac var”, – deyə o əlavə edib.