BMT QAK: Milyonlarla əfqanıstanlının vəziyyəti kəskin şəkildə pisləşib
Bakı, 19 mart, AZƏRTAC
İran və Pakistanda artan münaqişələr, həmçinin Əfqanıstanın özündəki sosial-iqtisadi çətinliklər milyonlarla əfqanıstanlının vəziyyətini kəskin şəkildə pisləşdirib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) bu barədə xəbərdarlıq edib.
BAK sözçüsü Babar Baloç BMT Xəbər Xidmətinə verdiyi müsahibədə vəziyyəti “həqiqətən çox narahatedici” adlandırıb.
Onun sözlərinə görə, Əfqanıstan əvvəllər də ciddi humanitar böhranlarla üzləşib, lakin yeni regional qarışıqlıqlar geri qayıdan qaçqınlara və məcburi köçkünlərə təzyiqi artırıb. Təkcə son illərdə İran və Pakistandan beş milyondan çox əfqan qayıdıb, onların əksəriyyəti könüllü şəkildə geri dönüb. Baloç qeyd edib: “İranda münaqişə başlayandan bəri minlərlə insan Əfqanıstana gəlir, onlar faktiki olaraq bir münaqişədən digərinə keçirlər”.
Milyonlarla əfqan öz ölkələrində sabit gəlir və evdən məhrumdur. Ümumdünya Ərzaq Proqramına görə, logistika pozuntuları qidalanma səviyyəsinin azalmasına səbəb olub. Pakistan-Əfqanıstan sərhədinin bağlanması və İrandakı vəziyyətin pisləşməsi humanitar təşkilatları əsas təchizat yollarından məhrum edib. Pakistanla Əfqanıstan hakimiyyəti arasında toqquşmalar başlayandan bəri yeni köçkünlərin sayı 100 mini keçib. “Hər yeni hadisə əfqanlar üçün vəziyyəti daha da pisləşdirir”, - deyə sözçü bildirib.
Əfqan qadınlarının vəziyyəti BMT QAK-ı xüsusilə narahat edir. Tətbiq olunan məhdudiyyətlər onları təhsildən, işdən və hərəkət azadlığından məhrum edib. “İndi əfqan qadını olmaq çox çətindir”, - deyə Baloç vurğulayıb və əlavə edib ki, BMT QAK-ın yerli əməkdaşları da işlərində maneələrlə üzləşirlər.
BMT QAK humanitar imkanlarının vəsait çatışmazlığı səbəbindən ciddi şəkildə məhdudlaşdığı barədə xəbərdarlıq edir. Əfqanıstan, İran və Pakistan üçün 2026-cı il üçün nəzərdə tutulmuş 400 milyon dollardan çox vəsaitin ayrılması ilə bağlı müraciət daha az məbləğdə maliyyələşdirilib. “Bizim təcrübəmiz və mütəxəssislərimiz var, lakin resurslar olmadan insanlara kömək edə bilmərik”, - deyə sözçü vurğulayıb.
İlkin hesablamalara görə, İrandakı böhran 600 min ilə 1 milyon arasında ailəni və ya 3,2 milyondan çox insanı didərgin salıb. Livanda bir milyondan çox yeni didərgin qeydə alınıb, ölkə isə artıq 1,3 milyon suriyalı qaçqını qəbul edib. “Münaqişənin nə qədər sürətlə yayıldığını və nəticələrinin bütün dünyaya təsir edə biləcəyini görürük”, -deyə Baloç xəbərdarlıq edib.