Boksçu Entoni Coşua 18 milyon avro təzminat ala bilər
Bakı, 24 yanvar, AZƏRTAC
Böyük Britaniyanın ağır çəkili boksçusu Entoni Coşua 15 milyon funt-sterlinq (təxminən 18 milyon avro) müqabilində Ümumdünya Boks Assosiasiyası (WBA), Dünya Boks Təşkilatı (WBO) və Beynəlxalq Boks Federasiyasının (IBF) dünya çempionu ukraynalı Aleksandr Usik ilə revanş görüşündən imtina edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Entoni Coşua qarşılaşmadan imtina edəcəyi təqdirdə ukraynalı Dünya Boks Şurasının (WBC) britaniyalı çempionu Tayson Fyuri ilə döyüşəcək.
“The Telegraph” Fyuri ilə mütləq dünya çempionu adı uğrunda qarşılaşmanın baş tutması üçün keçmiş çempionun ukraynalı ilə revanş döyüşündən imtina etməyə hazır olduğunu bildirib. Qarşılaşma Yaxın Şərq ölkələrinin birində keçirilməlidir. Bu qərara görə, E.Coşua 18 milyon avro təzminat alacaq. Bildirilir ki, britaniyalının özü də gələcəkdə Fyuri-Usık döyüşünün qalibi ilə görüşmək niyyətindədir.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında E.Coşua Londonda 12 raundluq döyüşdə A.Usikə uduzaraq üç versiyada dünya çempionu titulundan məhrum olub. Növbəti döyüş üçün müqavilədə revanş bəndi olduğuna görə, boksçunun promouteri Eddi Hearn boksçular arasında növbəti qarşılaşmanın 2022-ci ilin yazında baş tutacağını bildirmişdi.
Xatırladaq ki, karyerası ərzində bir dəfə də məğlub olmayan 35 yaşlı A.Usik peşəkar rinqdə 19 qələbə (13-ü nokautla) qazanıb. Entoni Coşuanın isə aktivində 24 qələbə və iki məğlubiyyət var. Tayson Fyurinin karyerası ərzində keçirdiyi döyüşlərdə isə 31 qələbə, 1 heç-heçə qeydə alınıb.