BOLQARISTAN PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ ZAQATALADA OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin nümayəndə heyəti yanvarın 26-da Zaqatala rayonunda olmuşdur. Qonaqları bu səfərdə Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun üzvləri və Bolqarıstanın ölkəmizdəki səfiri İvan Palçev müşayiət etmişlər.
Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən görüşdə nümayəndə heyətinin üzvlərinə rayonun coğrafi mövqeyi, iqtisadiyyatı, kənd təsərrüfatı, sosial-mədəni həyatı barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, rayon rəhbərliyi Zaqatalanın iqtisadiyyatı üçün ənənəvi sahələrin, o cümlədən tütünçülüyün, çayçılığın, baramaçılığın və gülçülüyün inkişaf etdirilməsində dost ölkənin müvafiq qurumları və iş adamları ilə ikitərəfli əlaqələrin yaranmasında maraqlıdır.
Səmimi qəbula görə minnətdarlığını bildirən Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, nümayəndə heyətinin başçısı Rəmzi Osman ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində və əməkdaşlığın bütün sahələr üzrə inkişaf etdirilməsində belə görüşlərin xüsusi əhəmiyyətini diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində geniş fikir mübadiləsi aparılmışdır.
Sonra qonaqlar Zaqatalanın Qazangül qəsəbəsinə gələrək, burada tikilməkdə olan gül yağı emalı zavodu ilə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, vaxtilə rayonda il ərzində 500 tona yaxın gül ləçəyi istehsal olunurdu. Hazırda rayonda gül plantasiyalarının sahəsi 27 hektardır. “Cəliar” firması tərəfindən tikilən bu zavodun cari ilin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulur. Qarşıdakı mövsümdə zavodda 40-50 ton gül ləçəyinin emal edilməsi planlaşdırılır.
Daha sonra qonaqlar “Zaqatala-Tütün” Açıq Səhmdar Cəmiyyətində olmuş, müəssisənin imkanları ilə maraqlanmış, istehsal prosesi ilə tanış olmuşlar.
Zaqatala ilə tanışlıq başa çatdıqdan sonra Bolqarıstan parlamentinin nümayəndə heyəti Şəki şəhərinə yola düşmüşdür.