BORÇALIDA BAŞ VERƏN HADİSƏLƏR QARA QÜVVƏLƏRİN TƏXRİBATIDIR
Gürcüstanda ictimai-siyasi sabitliyi pozmağa can atan qara qüvvələr indi də Borçalıda peyda olmuşlar. Bu qüvvələr, əsasən, azərbaycanlılar arasında narazılıq törətmək üçün öz məkrli əməllərini məhz onlara qarşı yönəltmişlər. Son günlər Qardabani rayonunun Candari kəndində baş vermiş hadisələr buna əyani sübutdur.
Belə ki, həmin kəndin sakinlərindən Rafiq Yusubov, Zəlimxan İsmayılov, Roman və Elçin Həsənov qardaşları Candari və Lemişveniera kəndləri arasındakı sahədə döyülüb təhqir edilmiş və soyulmuşlar. Onlar xəstəxanaya düşmüşlər. Bu günlərdə isə daha bir cinayət törədilmişdir. Candari sakini, 42 yaşlı Nazim Əsədovun maşınına həmin ərazidə atəş açılmış və o, ağır bədən xəsarəti almışdır. Hazırda N.Əsədov Tbilisidəki 8 nömrəli xəstəxananın reanimasiya şöbəsindədir.
Təbii ki, bütün bunlar rayon sakinlərinin etirazına və hiddətinə səbəb olmuşdur. Noyabrın 11-də soydaşlarımız rayon mərkəzində etiraz mitinqi keçirmişlər. Mitinqdə Gürcüstan parlamentinin deputatları Məmməd Məmmədov, Levan Caparidze, Qardabani rayon icra hakimiyyətinin başçısı Nuqzar Periaşvili, onun müavini Telman Həsənov, polis idarəsinin rəisi Avtandil Lordkipanidze, rayon prokuroru Vaja Genqaşvili, sakinlərdən Telman Vəliyev, Şakir Mustafayev və başqaları çıxış edərək, qəti şəkildə bildirmişlər ki, Qardabani rayonu ərazisində törədilən cinayətlərdən məqsəd burada sabitliyi pozmaq, iki dost ölkənin arasını vurmaq, habelə Gürcüstanın da böyük ümid bəslədiyi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə mane olmaqdır. Onlar əmin olduqlarını vurğulamışlar ki, qardabanililər qara qüvvələrin fitnələrinə uymayacaq, onların axtarılıb zərərsizləşdirilməsində, ifşa olunmasında fəal iştirak edəcək və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin ətrafında daha sıx birləşəcəklər.
Mitinqdə soydaşlarımız rayon rəhbərliyindən bu kriminal hadisələrə tez bir zamanda son qoyulması, cinayətkarların tapılıb cəzalandırılması üçün kəsərli tədbirlər görülməsini və bunların nəticələri barədə məlumat verilməsini tələb etmişlər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Qardabani