BÖYÜK BRİTANİYA PARLAMENTİ NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ ÇADIR ŞƏHƏRCİYİNDƏ OLMUŞLAR
Böyük Britaniya parlamentinin lordlar və icmalar palatalarının Azərbaycanda səfərdə olan nümayəndə heyətinin üzvləri iyunun 1-də Biləsuvar rayonundakı çadır şəhərciyində məcburi köçkünlərlə görüşmüşlər. Lordlar palatasının təmsilçiləri lord Devid Alton, lord Əhməd və lord Hiltonu, icmalar palatasının üzvü Robert Veyrinqi baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müşayiət etmişdir.
Dövlətqaçqınkomun sədri qonaqlara Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış vəziyyət barədə ətraflı məlumat verdi. Britaniya parlamentinin nümayəndələri çadır şəhərciyini gəzdilər, yurdlarından didərgin düşmüş vətəndaşlarımızın ağır vəziyyəti ilə tanış oldular. Çadır şəhərciyinin sakinləri qonaqlara erməni vəhşiliyindən və işğal olunmuş ərazilərimizdə başlarına gətirilən müsibətlərdən söz açdılar. Onlar Böyük Britaniya parlametinin nümayəndələrindən tapdanmış hüquqlarının bərpa olunmasına kömək göstərməyi xahiş etdilər.
Məcburi köçkünlər mayın 25-də baş vermiş təbii fəlakət və onun nəticələrinin aradan qaldırılmasında Azərbaycan rəhbərliyinin gördüyü operativ tədbirlərdən minnətdarlıqla danışdılar. Təqribən 20 minə qədər insanın məskunlaşdığı şəhərcikdə qaçqınların bütün problemləri ilə maraqlanan qonaqlara didərginlərin sosial-məişət qayğıları barədə geniş məlumat verildi. Söydaşlarımız işğal olunmuş torpaqlarımız azad edilənə qədər yeni salınacaq qəsəbədə müvəqqəti məskunlaşdırılmaları haqqında Prezident Heydər Əliyevin verdiyi Fərmanı da yüksək qiymətləndirdiklərini söylədilər.
Böyük Britaniya parlamentinin nümayəndələri şəhərcikdəki məktəbdə də oldular.
Çadır şəhərciyində gördükləri barədə öz ölkələrində ictimaiyyətə ətraflı məlumat verəcəklərini bildirən qonaqlar jurnalistlərə müsahibəsində dedilər: “Biz buraya gələnə qədər düşünə bilməzdik ki, XX1 əsrdə insanları bu kökə salmaq mümkün olsun”.