Böyük uğurlara aparan yol kiçik addımlardan başlayır: pedaqoqun hekayəsi VİDEO
Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışan pedaqoqun bir günü
Bakı, 14 may, AZƏRTAC
Bəzən kiçik bir addım böyük qələbənin başlanğıcı olur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək yalnız bilik deyil, həm də böyük səbir tələb edir. Bu elə bir peşədir ki, bəzən yalnız zamanla görünən irəliləyişlə ölçülür. Lakin həmin inkişaf həm mütəxəssis, həm də valideyn üçün ən böyük motivasiyaya çevrilir.
“Birgə və Sağlam” İctimai Birliyinin təhsil direktoru, uşaq və yeniyetmə psixoloqu, eyni zamanda tətbiqi davranış analizi terapevti Nərmin Rəhimli artıq 11 ildir ki, bu sahədə fəaliyyət göstərir. O, AZƏRTAC-a müsahibəsində bildirib ki, autizm sahəsinə marağı universitet illərində başlayıb.
N.Rəhimlinin sözlərinə görə, universitetdə xüsusi təhsil üzrə dərslərin birində autizm mövzusu müzakirə olunurdu və məhz həmin vaxt bu sahəyə böyük maraq göstərməyə başlayıb: “Müəllimimiz autizm mövzusunu o qədər yaxşı izah etdi ki, mən bu istiqamətə xüsusi maraq göstərməyə başladım. Əsas ixtisasım psixoterapiya idi və mən məhz bu sahə üzrə təhsil alırdım. Lakin autizm mövzusu mənə o qədər təsir etdi ki, autizmli uşaqlarla işləməyə qərar verdim”.
Psixoloq qeyd edib ki, işində ən çətin məqam uşağın inkişafının dayanması və ya geriləməsinin müşahidə edilməsidir. Onun sözlərinə görə, bu həm mütəxəssis, həm də ailə üçün emosional baxımdan ağır bir prosesdir.
N.Rəhimli vurğulayıb ki, işini davam etdirmək üçün ona güc verən əsas amil uşaqların inkişafını görməkdir: “Bizim üçün ən böyük motivasiya uşaqlarımızın bütün sahələrdə inkişafını görməkdir. Amma bundan da önəmlisi, valideynlərin bu inkişafı hiss etməsi və bunu bizimlə bölüşməsidir”.
O qeyd edib ki, bu peşə böyük səbir və sevgi tələb edir. Çünki bəzən hətta kiçik bir addım belə uzun əməyin nəticəsinə və böyük bir qələbənin başlanğıcına çevrilir.
“Əgər yenidən qarşımda bu peşəni seçmək sualı dayansaydı, yenə də onu seçərdim!” – deyə həmsöhbətimiz tərəddüd etmədən cavab verib.