Zaur Şükürov: Regionda marağı olan dövlətlər Ermənistandan istifadə etməyə çalışırlar
Bakı, 14 may, AZƏRTAC
Ermənistanla normallaşma prosesinin növbəti mərhələsində regionda marağı olan böyük dövlətlərin fəaliyyəti xüsusi diqqətlə izlənilməlidir. Fransa, Rusiya və ABŞ kimi dövlətlərin regionla bağlı gələcək addımları, eləcə də Ermənistan üzərindən həyata keçirməyə çalışdıqları siyasət Cənubi Qafqazdakı proseslərə təsir göstərmək potensialına malikdir.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən dəyirmi masada çıxış edən Milli Məclisin deputatı Zaur Şükürov bildirib.
O, qeyd edib ki, Ermənistan tarixən müxtəlif dövlətlərin təsiri və himayəsi altında olub: "Bu baxımdan regionda marağı olan dövlətlər – istər Fransa, istərsə də digər güclər – yaranmış vəziyyətdən istifadə etməyə çalışacaqlar. Ermənistanın bu və ya digər dövlətlərin geosiyasi təsir alətinə çevrilməsi regionda davamlı sabitlik baxımından risk yaradan amillərdəndir. Xüsusilə Avropa institutlarının və bəzi Qərb dairələrinin son illərdə nümayiş etdirdiyi mövqe Azərbaycanda ciddi narazılıq doğurub.
İstər 44 günlük Vətən müharibəsi dövründə, istər 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri zamanı, istərsə də sonrakı mərhələdə Avropa institutlarının və bəzi Avropa rəsmilərinin qərəzli və birtərəfli yanaşmalarının şahidi olduq. Bu, regionda obyektiv yanaşmanın formalaşmasına mane olan əsas problemlərdən biridir”.
Z.Şükürov vurğulayıb ki, hətta Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalansa və bütün prosedurlar tamamlanaraq normallaşma prosesi irəliləsə belə, bəzi xarici qüvvələrin Ermənistandan geosiyasi məqsədlər üçün istifadə etməyə çalışacağı istisna olunmur.
Bir müddət əvvəl erməniəsilli ekspertlərin və ictimai fiqurların sosial şəbəkələrdə yaydıqları bəzi materiallar, eyni zamanda, Ermənistan rəsmilərinin açıqlamaları regionda hələ də müəyyən revanşist və destruktiv yanaşmaların mövcud olduğunu göstərir. Azərbaycanda müxtəlif ağır cinayətlərdə təqsirləndirilən şəxslərlə bağlı Ermənistan rəsmilərinin bəyanatları da məhz bu kontekstdə qiymətləndirilməlidir”, – deyə Zaur Şükürov əlavə edib.