Tural Gəncəliyev: Fransanın regiondakı layihələri yeni geosiyasi məqsədlərə xidmət edir
Bakı, 14 may, AZƏRTAC
Regionda formalaşan yeni geosiyasi proseslər və bəzi dövlətlərin strateji layihələri Cənubi Qafqazda nəqliyyat-kommunikasiya balansına təsir göstərmək məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən dəyirmi masada çıxış edən Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Deputat qeyd edib ki, Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammiti çərçivəsində və sonrakı dövrdə Ermənistan-Fransa münasibətlərində imzalanan sənədlər xüsusi diqqətlə təhlil edilməlidir.
“Fransanın layihəsi kimi qiymətləndirilən bəzi təşəbbüslər və Ermənistan-Fransa arasında imzalanmış strateji tərəfdaşlıq sənədlərində diqqətçəkən məqamlar var. Xüsusilə Bərgüşad tuneli ilə bağlı layihələr regiondakı nəqliyyat-kommunikasiya marşrutları baxımından ciddi maraq doğurur. Dağların altından tunelin qazılması və bunun Orta Dəhliz, eləcə də Zəngəzur dəhlizinə alternativ və ya perpendikulyar yeni marşrut kimi təqdim olunması təsadüfi deyil”, – deyə Tural Gəncəliyev vurğulayıb.
Onun sözlərinə görə, bu kimi layihələrin geosiyasi məqsədləri region ölkələri tərəfindən diqqətlə izlənilir.
“Fransanın bu təşəbbüslərlə nəyi hədəflədiyi, əslində, heç kimə sirr deyil. Bu baxımdan, Bərgüşad tuneli layihəsinin Zəngəzur dəhlizi və Orta Dəhliz üçün hansı risklər və ya çağırışlar yarada biləcəyi ciddi şəkildə müzakirə olunmalıdır”, – deyə deputat bildirib.