“BÖYÜK YOLUN MƏRHƏLƏLƏRİ” KİTABININ TƏQDİMATI
Əsər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsinə həsr edilmişdir.
“Nurlar” nəşriyyat-poliqrafiya mərkəzi tərəfindən rus dilində buraxılmış kitab girişdən, iki hissədən, rəy və əlavələrdən ibarətdir.
“Azərbaycan iqtisadiyyatı SSRİ-nin süqutunadək. Səviyyə, amillər, meyllər” adlanan birinci hissəyə 3 bölmə daxildir. Burada XX əsrin 60-cı, 70-ci və 80-ci illərində iqtisadiyyatımızın inkişafının əsas meylləri nəzərdən keçirilir, ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə sənayenin, kənd təsərrüfatının dinamik inkişafında və səmərəliliyinin yüksəlməsində, əsaslı tikintinin yaxşılaşmasında yeni mərhələdən söhbət açılır.
İttifaqın süqutu dövrünə və müstəqilliyin ilk illərinə ayrıca bölmə həsr edilmişdir. Müəllif Dağlıq Qarabağ məsələsində tarixi və sosial-iqtisadi amilləri saxtalaşdıranlara sanballı cavab verir, 1980-ci ilin axırlarına aid iqtisadi göstəriciləri misal gətirir, Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsaslarını nəzərdən keçirir, iqtisadiyyatı necə idarə etmək barədə söhbət açır.
“Müstəqil Azərbaycanın iqtisadi sisteminin formalaşması, təşəkkülü və inkişafı. İnkişaf strategiyasının yeni reallıqları və perspektivləri” adlı 2-ci hissənin “Heydər Əliyev və Azərbaycanın ən yeni iqtisadi tarixi” bölməsində iqtisadiyyatı necə dirçəltmək sualına cavab verilir, sınanmış lider Heydər Əliyev tərəfindən son 30 ildə Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi araşdırılır.
“Quruculuğun varisliyi” bölməsində isə İlham Əliyevin Azərbaycanın perspektiv inkişafına dair düşünülmüş proqramından, ölkənin dinamik inkişafında neft amilinin həlledici rolundan, yeni neft strategiyasının tarixi mərhələsi olan Bakı-Tbilisi-Ceyhan neft kəmərindən, bölgələrin inkişafında kiçik biznesin rolundan danışılır.
Oxucu bu kitabla tanış olarkən, müstəqil Azərbaycanın iqtisadi inkişafının və möhkəmlənməsinin mühüm amilləri, respublikamızın böyük əhəmiyyət kəsb edən xarici iqtisadi əlaqələri barədə məlumat alır.
Z.Səmədzadə fundamental əsərinin 1-ci cildini “Gələcəyə inamla” bölməsində çox nikbin əhval-ruhiyyə ilə bitirir.
Kitaba Prezident Heydər Əliyevin, Azərbaycanın indiki dövlət başçısı İlham Əliyevin fərmanları, nitqləri, çıxışları daxil edilmişdir.
AMEA-nın akademiki Asəf Nadirov, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov, AMEA-nın müxbir üzvü Kərim Kərimov, akademik Budaq Budaqov, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru Xanhüseyn Kazımlı, akademik Fuad Qasımzadə, Milli Məclisin deputatı Əli Əlirzayev, Odlar Qurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunun direktoru Sadıq Salahov və digərləri tədbirdə çıxış edərək, yarım əsrdən çox dövr ərzində Azərbaycan iqtisadiyyatının inkişafının mürəkkəb və çoxmənalı mərhələlərinin obyektiv şəkildə araşdırıldığı belə bir əsərin vaxtında buraxıldığını və əhəmiyyətini vurğuladılar. Bildirdilər ki, kitabın rus dilində buraxılması onun bütün MDB məkanında yayılmasına kömək edəcəkdir.
Ziyad Səmədzadə çıxışında dedi ki, bu əsərdə ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının təşəkkülü və inkişafında müstəsna rolunu əyani şəkildə göstərmək istəmişdir. O, bildirdi ki, hazırda əsərin ikinci cildinin başa çatdırılması, habelə birinci cildin Azərbaycan dilində nəşri üzərində işləyir.
Təqdimat mərasimində Prezident Administrasiyasının şöbə müdirləri Fatma Abdullazadə, Əli Həsənov, Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri iştirak edirdilər.