bp-AZƏRBAYCAN ŞİRKƏTİNDƏ CARİ İLİN 9 AYININ YEKUNLARINA HƏSR OLUNMUŞ BRİFİNQ KEÇİRİLMİŞDİR
O bildirmişdir ki, 9 ayda “Azəri-Günəşli-Çıraq” layihəsi üzrə əməliyyat xərcləri üçün 2006-cı ilə planlaşdırılmış 227 milyon dolların 168 milyon dolları, əsaslı xərclər üçün planlaşdırılmış 2 milyard 552 milyon dolların isə 1 milyard 849 milyon dolları xərclənmişdir.
Çıraq, Mərkəzi Azəri və Qərbi Azəri platformalarından orta hesabla gündə təxminən 448 min barrel neft hasil edilmiş, 3-cü rübdə isə hasilat gündə 523 min barrelə çatmışdır. İlin sonunadək gündəlik hasilat 458 min barrel olacaqdır ki, bu da nəzərdə tutulandan 5 faiz çoxdur.
Çıraq platformasında hazırda 20 quyu istismardadır ki, bunlardan 14-ü hasilat, 6-sı suvurma quyusudur. 1997-ci ilin noyabrında hasilat başlanandan bəri Çıraq platformasından 370 milyon barreldən artıq (50 milyon tondan çox) neft hasil olunmuşdur. Platformanın istismar səmərəliliyi 94 faizdən artıqdır. Mərkəzi Azəri platformasında hazırda 11 quyudan neft hasil edilir, istismar səmərəliliyi 91 faizdir. Sentyabr ayının sonunadək Mərkəzi Azəridən təqribən 60 milyon barrel (təxminən 8 milyon ton) neft hasil edilmişdir. Qərbi Azəri platformasında beş quyudan neft çıxarılır. Platforma yanvarın əvvəlində istifadəyə veriləndən bəri 21 milyon barrel (təqribən 3 milyon ton) neft hasil etmişdir.
Şərqi Azəridə hasilata oktyabrın 21-də, cədvəldən 4 ay öncə başlanmışdır. ŞA ilə Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsinin 2-ci Fazası tamamlanır. Ən yüksək sabit hasilat zamanı Şərqi Azəri platformasından gündə 260 min barrel neft çıxarılacaqdır. Bununla da bütünlükdə “Azəri” yatağında gündəlik hasilatın həcmi 800 min barreli keçəcəkdir.
2006-cı ilin ilk doqquz ayı ərzində Azərbaycana təxminən 1,1 milyard 750 milyon kubmetr qaz təhvil verilmişdir. İlin sonuna kimi bunun 2,1 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Şirkətin qazma proqramının da uğurla davam etdiyini bildirən D.Vudvord demişdir ki, hər üç yataqda təzə quyular qazılır, bütün tikinti sahələrində əməyin təhlükəsizliyinə xüsusi diqqət yetirilir. AGÇ layihəsi üzrə hazırda təxminən 10 min işçi çalışır ki, bunun da 80 faizi Azərbaycan vətəndaşlarıdır.
İlin sonunadək görüləcək işlər barədə də KİV nümayəndələrini məlumatlandıran D.Vudvord sualtı boru kəmərlərinin çəkilməsi və sualtı qurğuların quraşdırılması, yeni platformaların tikintisi barədə də danışmışdır.
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin uğurla işlədiyini bildirən şirkətin prezidenti demişdir ki, neftin gündəlik nəqli sentyabrda 520 min barreldən artıq olmuşdur. İlin əvvəlindən bəri boru kəmərini dolduran neft və maliyyələşdirmə xərcləri daxil olmaqla BTC-nin əsaslı məsrəfləri 834 milyon dollar təşkil etmişdir. Bu il üçün BTC-nin ümumi əsaslı məsrəfləri 932 milyon dollara çatacaqdır.
D.Vudvord “Şahdəniz” işlənməsi layihəsinin tamamlandığını, ilk qazın yaxın bir neçə həftədə bazara çıxarılmasına başlanacağını, quru və dəniz obyektlərinin sınaqdan keçirildiyini bildirmişdir.
O demişdir ki, 2006-cı ilin üç rübü ərzində layihəyə bu il üçün təsdiqlənmiş 865 milyon dollar xərclərin 683 milyon dolları sərf olunmuşdur. İlk qaz Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Azərbaycan hissəsinə doldurulduqdan sonra sentyabr ayında Gürcüstan hissəsi də qazla doldurulmuş, Türkiyənin BOTAŞ şirkəti sentyabrın 30-da “qızıl qaynaq” əməliyyatı keçirərək, öz boru kəməri sistemini CQBK-yə birləşdirmişdir. İndi BOTAŞ şirkətinin birləşdirici qurğuları ilə bağlı sınaq işləri tamamlanır. Bundan sonra təbii qazın Gürcüstan-Türkiyə sərhədini keçməsi mümkün olacaqdır.
Devid Vudvord Azərbaycandakı 8 illik fəaliyyətinin başa çatdığını, bp-Azərbaycanın yeni prezidentinin təyin olunduğunu bildirmiş, şirkətin yeni rəhbəri Bill Şreyderi KİV nümayəndələrinə təqdim etmişdir.
D.Vudvord Azərbaycanda keçirdiyi illərdən razı qaldığını, ölkəmizi və xalqımızı həmişə xoş xatirələrlə yada salacağını bildirmişdir. Azərbaycanın işıqlı gələcəyinə inandığını, uğurla reallaşan “Əsrin müqaviləsi”nin bu sahədə mühüm rolu olduğunu, respublikamızda neft gəlirlərindən səmərəli istifadə edildiyini, həm də bu zaman şəffaflığa üstünlük verildiyini vurğulayan cənab Vudvord xalqımıza və dövlətimizə ən xoş arzularını yetirmişdir.
Rəhbərlik etdiyi şirkətin fəaliyyətini həmişə ardıcıl və obyektiv işıqlandırmağa çalışdıqlarına görə KİV nümayəndələrinə minnətdarlığını bildirən D.Vudvord onların çoxsaylı suallarına da cavab vermişdir.