BP şirkəti Azərbaycana verdiyi səmt qazının həcmini artıracaq
Bakı, 13 sentyabr, AZƏRTAC
Səngəçal ərazisində gücü 22 MVA olan 7 turbin var. Onlardan 5-i “Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunu, 1-i "Şahdəniz 1"i, 1-i isə "Şahdəniz 2"ni elektrik enerjisi ilə təmin etmək üçündür.
AZƏRTAC xəbər verir ki, bunu BP şirkətinin Səngəçal terminalında hasilat işləri üzrə rəhbəri İbrahim Terequlov bu gün Energetika Nazirliyinin Heydər Əliyevin 100 illiyi münasibətilə jurnalistlər üçün Səngəçal terminalına təşkil etdiyi press-tur çərçivəsində bildirib.
Bundan başqa, o qeyd edib ki, Cəbrayılda tikintisi planlaşdırılan 230 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası işə düşdükdən sonra BP şirkəti Azərbaycana verdiyi səmt qazının həcmini artıracaq. Onun sözlərinə görə, Cəbrayıldakı günəş elektrik stansiyası işə düşdükdən sonra BP elektrik enerjisini "Azərenerji" ASC-dən alacaq. Bu turbinlər isə fəaliyyətini dayandıracaq. Nəticədə turbinlərin istismarına yönələn səmt qazı da Azərbaycan tərəfinə ötürüləcək. Bu, həmçinin karbon emissiyasının azaldılması ilə bağlı qlobal öhdəliyi yerinə yetirmək baxımından da əhəmiyyətlidir.