Braziliyada koronavirusun yeni variantı aşkarlanıb
Bakı, 26 may, AZƏRTAC
Braziliyanın San-Paulu ştatının alimləri koronavirus infeksiyasının yeni növünü aşkarlayıb.
AZƏRTAC G1 portalına istinadla xəbər verir ki, P.4 adı verilən naməlum mənşəli yeni variant ilk dəfə San-Paulu ştatının Mokoka şəhərində tapılıb və həmin ştatın Portu-Ferreyra şəhərində geniş yayılıb.
“Bu, P.1 variantına yaxın növdür, çünki onların hər ikisi Manaus və Rio-de-Janeyroda aşkarlanan P.1 və P.2, həmçinin Filippində qeydə alınan P.3 regional müxtəlifliyinin əmələ gəldiyi B.1.1.28 Braziliya ştamı ilə ortaq mənşəyə malikdir. Hazırda P.4 variantının aşkarlandığı regionda P.1 və Britaniya ştamı üstünlük təşkil edir. Lakin onun yayılma dinamikası bizi çox narahat edir”, - deyə Braziliya virusoloqlar cəmiyyətinin vitse-prezidenti Joau Pessoa Arauju bildirib.
Hələlik mütəxəssislər P.4 variantının daha yoluxucu olduğu və ya xəstəliyin daha ağır keçməsi barədə dəlillərə malik deyil. Bununla belə, rəsmi statistikaya görə, may ayında Portu-Ferreyrada koronavirusun səbəb olduğu xəstəlik səbəbindən ölənlərin sayı əvvəlki aylara nisbətən daha çox olub.
Qeyd edək ki, Braziliyada koronavirusa ilk yoluxma halı ötən il fevralın 26-da qeydə alınıb. Hazırda ölkə yoluxma sayına görə ABŞ və Hindistandan sonra üçüncü, ölüm sayına görə isə ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyə qədər Braziliyada 16 milyon 195 min nəfər koronavirusa yoluxub, ölənlərin sayı isə 452 min nəfəri keçib.