Brüno Rötayo Makronu “Əlcəzairin yaddaş təzyiqlərinin girovu” olmaqda ittiham edib
Paris, 4 may, AZƏRTAC
Fransada Respublikaçıların lideri Brüno Rötayo Emmanuel Makronun ünvanına kəskin tənqidlər səsləndirib. O, dövlət başçısını “Əlcəzairin yaddaş təzyiqlərinin girovu” olmaqda ittiham edib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə “Journal du Dimanche” qəzetinə müsahibəsində deyib. Bu mövqe dövlət başçısının Aryej departamentinə səfəri zamanı “Əlcəzairlə dalaşmaq istəyən ruhi xəstələr” ifadəsini işlətməsindən sonra nümayiş olunub.
Brüno Rötayo hesab edir ki, Prezident belə ifadə səsləndirməməli idi və bu, soyuqqanlılığın itirilməsini və hörmətsizliyi göstərir.
Sağçıların rəhbəri Emmanuel Makronu Fransanı hörmətsizləşdirməkdə, fransızları qorumamaqda günahlandırıb və onu xüsusilə Fransanı tərk etmə öhdəlikləri (OQTF) məsələsində ittiham edib. Həmçinin Prezidentin Əlcəzairə qarşı “ideoloji asılılığını” qınayıb, Əlcəzair hakimiyyətini isə “uğursuzluqlarını gizlətmək üçün Fransaya qarşı davamlı düşmənçilik yaratmaqda” ittiham edib. Onun sözlərinə görə, OQTF çərçivəsində bəzi vətəndaşların geri qəbul edilməməsi bu vəziyyəti əks etdirir və o, bunu “Fransız qürurunun təslimi” adlandırıb.
B.Rötayo, həmçinin Makronun fransız xəstəxanalarında əlcəzairli həkimlərin çox olması ilə bağlı arqumentini rədd edib və bunu bəhanə sayıb. Bildirib ki, əsas mövzu OQTF çərçivəsində təhlükəli xaricilərdir və saxlanma mərkəzlərində Əlcəzair vətəndaşlarının əhəmiyyətli bir hissəsi riskli profillərə malikdirlər.
O, 1968-ci il Fransa-Əlcəzair müqaviləsinin ləğv olunmasını dəstəklədiyini, müqaviləni qeyri-bərabər və tamamilə anaxronik hesab etdiyini, Əlcəzairlə münasibətlərin Emmanuel Makronun mandatlığı dövründə əsas diplomatik uğursuzluqlardan biri olduğunu vurğulayıb.