ELM VƏ TƏHSİL
BSU Naxçıvanda “İnklüzivliyə doğru növbəti addım” mövzusunda görüş keçirib












Bakı, 6 mart, AZƏRTAC
Bakı Slavyan Universiteti (BSU) və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “İnklüzivliyə doğru növbəti addım” mövzusunda görüş keçirilib. Görüşdə ümumtəhsil məktəblərinin pedaqoji heyəti və psixoloqları iştirak edib.
Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib.
Tədbirin moderatoru, BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Piralı Əliyev universitetin inklüziv təhsil konsepsiyası və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verib.
BSU-nun rektoru Anar Nağıyev çıxışında bildirib ki, bu görüşlər rəhbəri olduğu universitetdə 2022-ci ildən etibarən həyata keçirilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə (ITIC)” layihəsi çərçivəsində təşkil olunur və indiyədək Elm və Təhsil Nazirliyinin dəstəyi ilə dörd regional təhsil idarəsində analoji tədbirlər baş tutub. Rektor pedaqoji profilli ali təhsil müəssisələrində inklüziv təhsil üzrə müəllim hazırlığının məzmununun təkmilləşdirilməsi, ümumtəhsil məktəblərində çalışan müəllimlərin inklüziv təhsil ehtiyaclarının müəyyən edilməsi və onların peşəkar bacarıqlarının artırılması istiqamətində dəstək mexanizmlərinin gücləndirilməsi kimi prioritet istiqamətləri vurğulayıb. Həmçinin inklüziv təhsilin təşviq edilməsi, şəbəkələşmə imkanlarının genişləndirilməsi və inklüziv cəmiyyətin formalaşdırılması prosesində ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələr haqqında bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, Naxçıvan MR Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Gültəkin Rüstəmli, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova və Heydər Əliyev adına tam orta məktəbin psixoloqu Vəfa Qasımova çıxış edərək, inklüziv təhsilin əhəmiyyəti, onun cəmiyyətin inkişafında rolu, bu sahədə mövcud vəziyyət və qarşıya çıxan çətinliklər barədə ətraflı danışıblar. Eyni zamanda, inklüziv təhsilin təkmilləşdirilməsi, müəllimlərin bu istiqamətdə hazırlanması, inklüziv tədris mühitinin formalaşdırılması və əlçatanlığın artırılması ilə bağlı təkliflər səsləndiriblər.
Daha sonra inklüziv təhsilin mövcud vəziyyətinin dəyərləndirilməsi, regionlarda inklüziv təhsilin tətbiqi zamanı yaranan problemlər və onların həlli yollarının müəyyən edilməsi məqsədilə iştirakçılar arasında sorğular təqdim edilib.
Görüş inklüziv təhsil sahəsində təcrübə mübadiləsi, perspektivlərin müzakirəsi və gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə yekunlaşıb.