BU İLİN PAYIZI AZƏRBAYCANDA YUBİLEY SƏRGİLƏR FƏSLİ OLACAQDIR
Sentyabrın 10-17-də Azərbaycanda Beynəlxalq səhiyyə sərgisi 10-cu dəfə keçiriləcəkdir. Sərgiyə dünyanın 17 ölkəsindən 60 şirkət qatılacaqdır. Ekspozisiya çərçivəsində “Müasir psixotrop vasitələr – yeni terapevtik imkanlar” adlı 3-cü elmi-praktik konfrans da keçiriləcəkdir. Konfransda “Şizofriniyanın terapiyasında istifadə olunan psixotrop vasitələr”, “Somatoform psixi pozuntuların müalicəsində istifadə olunan dərmanlar”, “Epilepsiyanın müalicəsində istifadə edilən preparatlar”, “Nevrozlar və nevrozlara bənzər halların və stress psixi pozuntularının terapiyası”, “Narkoloji xəstəliklərin, qocalara xas olan psixozların terapiyasında psixotrop maddələrdən istifadə” mövzuları müzakirə olunacaqdır.
“BakuBuild–2004” – 10-cu yubiley Azərbaycan Beynəlxalq Tikinti sərgisi miqyasına görə ən böyük ekspozisiya olacaqdır. Heydər Əliyev adına idman-konsert kompleksinin iki zalında keçiriləcək sərgidə dünyanın 25 ölkəsində 180-ə yaxın şirkətin iştirak edəcəyi gözlənilir. İştirakçı şirkətlər müştərilər üçün bir sıra yeni texnologiyalar və sərfəli təkliflər hazırlayıblar. Sərgi ilk dəfə olaraq Bakı Şəhər İcra Hakimiyyətindən rəsmi dəstək almışdır. Ekspozisiyanın qapıları sentyabrın 22-dən 25-dək təkcə mütəxəssislərin deyil, geniş ictimaiyyətin də üzünə açıq olacaqdır.
10-cu yubiley “BakuTel–2004” Beynəlxalq sərgisi Azərbaycanda rabitə və informasiya texnologiyalarını nümayiş etdirəcək. Sərgi sentyabrın 29-da Heydər Əliyev adına idman-konsert kompleksində açılacaqdır. Ötən illərlə müqayisədə sahəsi 70 faiz genişləndiriləcək bu sərgidə dünyanın 12 ölkəsindən 85 şirkət iştirak edəcəkdir. İştirakçıların 60 faizi yerli şirkətlər olacaqdır.
“BakuTel-2004”-ün zəngin və maraqlı proqramı vardır. Sərgi günlərində informasiya və rabitə texnologiyaları ilə bağlı dəyirmi masalar keçiriləcəkdir. Ekpozisiya oktyabrın 2-də başa çatacaqdır.
Sərgilər fəsli ənənəvi “BakuMebel” ekspozisiyası ilə yekunlaşacaqdır. Sərgidə dünyanın on ölkəsindən 40-a yaxın şirkət iştirak edəcəkdir. Burada məişət, ofis, ticarət, məktəb mebellərinin nümunələri, mebel istehsalı avadanlığı və alətləri, aksessuarlar, xalçalar, parçalar, çilçıraqlar, güzgülər nümayiş olunacaqdır. Heydər Əliyev adına idman–konsert kompleksində keçiriləcək sərgidə müqavilələr bağlanacaq, sifarişlər qəbul ediləcəkdir.