BUDAPEŞTDƏ AZƏRBAYCAN-MACARISTAN ELMİ KONFRANSI KEÇİRİLMİŞDİR
Macarıstan Elmlər Akademiyası Etnologiya İnstitutunun direktoru, Dünya Amanistik Tədqiqat Mərkəzinin sədri Mixal Xoppal konfrans iştirakçılarını salamlayaraq demişdir: “Bu elmi konfransda iştirak etməyə məmnunluqla razılıq verdim. Çünki əminəm ki, mədəni diplomatiya Azərbaycan və macar xalqlarının yaxınlaşmasına kömək edəcəkdir”.
Macarıstan EA Tarix İnstitutunun direktoru Atilla Pok bildirmişdir ki, elmi sahədə bu cür əməkdaşlıq Macarıstan-Azərbaycan əlaqələrini möhkəmləndirəcək və bəlkə də, yeni kəşflərə gətirib çıxaracaqdır.
Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov ümidvar olduğunu söyləmişdir ki, bu tədbir hər iki ölkə alimlərinin birgə tədqiqatlara cəlb edilməsinə güclü təkan verəcəkdir. O bildirmişdir ki, Prezident İlham Əliyevin simasında Azərbaycan dövləti elmin inkişafına böyük əhəmiyyət verir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev konfrans iştirakçılarına səmərəli iş arzulamışdır.
Sonra Azərbaycan MEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərovun, Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlının məruzələri dinlənilmişdir.
Konfransın ikinci hissəsində söz Macarıstan alimləri İştvan Yerdeli Azərbaycanla Macarıstan arasında arxeologiya sahəsində əməkdaşlığa dair tövsiyələrini söyləmiş, İmre Dyarmati macarca-azərbaycanca lüğətin tərtibi prinsiplərindən, Şipoş Yanoş Azərbaycan və macar musiqilərinin oxşarlığından, Vereş Peter macar və türk xalqlarının ümumi etnik köklərindən danışmışlar.
Konfrans iştirakçıları Macarıstan EA Kitabxanası Şərq kolleksiyasının müdiri Eva Aporun “Azərbaycan şairləri Qacarlar toplusunda”, Laslo Puşkaşın və İmre Adoryanın “Dədə Qorqud dastanlarının tərcüməsi haqqında”, Pataki Tamaşın “Azərbaycan xalçaları haqqında” işləri ilə tanış olmuşlar.
Konfransın materialları əsasında elmi məqalələr toplusu buraxılacaqdır.