Budapeştdə elmi dərs: “Qeyri-səlis məntiq və dil-nitq” kitabı təqdim olunub
Budapeşt, 14 aprel, AZƏRTAC
Budapeştdəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində növbəti maarifləndirici elmi dərs keçirilib. Azərbaycan Dillər Universitetinin (ADU) Macarıstanın ELTE Universitetində fəaliyyət göstərən mərkəzində təşkil olunan dərsdə macar dilini öyrənən tələbələrə dilimizin nəzəri əsasları və müasir elmi yanaşmalar tədris edilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru Fərqanə Bayramlının rəhbərliyi ilə keçirilən dərsdə ADU-nun rektoru, Xalq yazıçısı akademik Kamal Abdulla və görkəmli alim, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin “Qeyri-səlis məntiq və dil-nitq” kitabı əsas götürülüb. Tələbələrə kitabın əsas ideyaları təqdim olunaraq, qeyri-səlis məntiqin dil və nitq prosesində rolu, dilçilik elminə gətirdiyi yenilikçi yanaşmalar və bu sahədə aparılan elmi tədqiqatların əhəmiyyəti geniş şəkildə izah edilib.
Qeyd olunub ki, akademik Kamal Abdulla yalnız görkəmli alim və yazıçı deyil, eyni zamanda, Azərbaycan dilinin inkişafı və beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm xidmətləri olan ziyalıdır. Onun elmi və ədəbi fəaliyyəti Azərbaycan dilinin zənginliyinin və çoxqatlı strukturunun araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. “Qeyri-səlis məntiq və dil- nitq” əsəri isə dil və məntiq arasındakı mürəkkəb münasibətləri yeni elmi baxış bucağından təqdim edən fundamental tədqiqat kimi qiymətləndirilir.
Tədbir çərçivəsində Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələsinə də xüsusi diqqət ayrılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan dilinin saflığının qorunması, onun dövlət dili kimi inkişafı və beynəlxalq müstəvidə nüfuzunun artırılması daim prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu siyasətin əsas məqsədi dilin milli kimliyin daşıyıcısı kimi mövqeyini gücləndirmək və gələcək nəsillərə düzgün, zəngin formada ötürülməsini təmin etməkdir. Belə təşəbbüslər, xüsusilə xaricdə fəaliyyət göstərən mədəniyyət və dil mərkəzlərində keçirilən dərslər, Azərbaycan dilinin beynəlxalq auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Budapeştdə keçirilən bu dərs də tələbələr arasında Azərbaycan dilinə və elmi fikrinə marağın artırılmasına töhfə verən uğurlu təşəbbüslərdən biri kimi dəyərləndirilir.
Sonda qeyd olunub ki, bu kimi elmi və maarifləndirici tədbirlərin davamlı təşkili Azərbaycan dilinin və mədəniyyətinin qlobal səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.