Büdcənin icrasında ümumi daxili məhsulun 8,1 faizi qədər profisit yaranıb
Bakı, 18 may, AZƏRTAC
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 12 milyard 165,0 milyon manat, xərcləri 8 milyard 929,8 milyon manat təşkil edib, büdcənin icrasında 3235,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 8,1 faizi qədər profisit yaranıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 8290,0 milyon manat, xərcləri isə 6567,0 milyon manat təşkil edib. Büdcənin icrasında yaranmış 1723,0 milyon manatlıq profisit ümumi daxili məhsulun 5,7 faizinə bərabər olub. Daxilolmaların 35,1 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 25,8 faizi əlavə dəyər vergisi, 4,7 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,3 faizi fiziki şəxslərin gəlir vergisi, 3,7 faizi aksizlər, 1,1 faizi sadələşdirilmiş vergi, 1,9 faizi vergilərin digər növləri, 23,4 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 22,1 faizi iqtisadi fəaliyyətin, 20,6 faizi təhsil və səhiyyənin, 15,9 faizi sosial müdafiə və sosial təminatın, 12,5 faizi ümumi dövlət xidmətlərinin, 11,8 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 17,1 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.