“Business Talks”: Azərbaycan ilə Almaniya enerji və ticarət əlaqələrini genişləndirir
Buxarest, 22 iyul, AZƏRTAC
Rumıniyanın “Business Talks” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfərini iki ölkə arasında enerji və iqtisadi əməkdaşlığın inkişafında mühüm mərhələ kimi qiymətləndirir. Nəşrin yazdığına görə, danışıqların əsas mövzularını təbii qaz tədarükünün artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiyalar təşkil edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Almaniyanın enerji təchizatı mənbələrini şaxələndirmək siyasətini davam etdirdiyi qeyd olunur. Bu baxımdan Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşlarından biri kimi Berlin üçün strateji əhəmiyyət daşıyır.
“Business Talks” yazır ki, tərəflər enerji ilə yanaşı, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini də müzakirə ediblər. Nəşrin qiymətləndirməsinə görə, bu istiqamətlər üzrə əldə olunan razılaşmalar Azərbaycan-Almaniya münasibətlərini yeni mərhələyə çıxara bilər.
Rumıniya nəşri vurğulayır ki, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Cənub Qaz Dəhlizi mühüm rol oynayır və Azərbaycanın Almaniya ilə enerji əməkdaşlığını genişləndirməsi qitənin enerji təminatının şaxələndirilməsinə əlavə töhfə verə bilər.
“Business Talks”ın fikrincə, Prezident İlham Əliyevin Berlinə səfəri yalnız enerji əməkdaşlığının deyil, həm də Azərbaycan ilə Almaniya arasında uzunmüddətli iqtisadi tərəfdaşlığın və biznes əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.