Cari ildə cüdoçularımız beynəlxalq turnirlərdə 177 medal qazanıblar
Bakı, 28 dekabr, AZƏRTAC
Cari ili Azərbaycan idmanı, eləcə də cüdo üçün uğurlu hesab etmək olar. Bu il cüdoçularımız ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edib, Bakıda keçirilən dünya çempionatı yüksək səviyyədə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 28-də Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının (ACF) 2018-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunan tədbirdə qurumun prezidenti Rövnəq Abdullayev deyib.
Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan R.Abdullayev gələn il cüdoçularımızı daha ciddi sınaqların gözlədiyini diqqətə çatdırıb.
ACF-in prezidenti vurğulayıb: “Gələn il daha məsuliyyətli il olacaq. Bütün yarışlarda iştirak edərək maksimum sayda lisenziya qazanmalıyıq. Məşqçilərimiz “Tokio 2020” Yay Olimpiya Oyunlarına bütün çəki dərəcələrində lisenziya qazanmaq üzərində çalışmalıdırlar. Ümidvaram ki, cüdonun vətənində Azərbaycan yüksək səviyyədə təmsil olunacaq”.
Sonra ACF-in baş katibi Elmar Babanlı cari ilin yekunlarına dair məruzə ilə çıxış edib. Bildirib ki, bu il cüdoçularımız 39 beynəlxalq turnirdə iştirak edib və 177 medal qazanıblar. Bunlardan 48-i qızıl, 46-sı gümüş və 83-ü bürünc medaldır.
Cari ildə cüdoçuların beynəlxalq turnirlərdə, təlim-məşq toplanışlarında iştirakı üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdıran baş katib Bakıda keçirilmiş dünya çempionatında 124 ölkədən 755 idmançının iştirak etdiyini və mundialın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, cüdoçularımızın həm Avropa, həm də dünya çempionatlarında qazandıqları medallar barədə məlumat verib. Bölgələrdə idmanın bu növünün inkişaf etdirilməsi istiqamətində görülmüş uğurlu işlərdən danışan E.Babanlı infrastruktur layihələri barədə məlumat verib.
Daha sonra federasiyanın maliyyə hesabatı dinlənilib.
Sonra il ərzində fərqlənən cüdoçular və onların məşqçiləri mükafatlandırılıb.