Cari ilin birinci yarısında ekoloji layihələrin icrası uğurla davam etdirilmişdir
Bakı, 14 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) neft sənayesi sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması və landşaftın bərpası layihələrini icra edən torpaqların rekultivasiyası departamenti cari ilin birinci yarısında yüksək səviyyədə xidmət göstərərək sifarişçi təşkilatların müqavilə öhdəliklərini layiqincə yerinə yetirmişdir.
AZƏRTAC xəbər verir ki, ilin birinci rübündə departament tərəfindən “Bakı Ağ şəhər” layihəsi çərçivəsində “Azərneftyağ” neft emalı zavodunun 7-ci sahəsinin ərazisindən neftşlamın çıxarılması işləri uğurla həyata keçirilmişdir.
Departamentin icra etdiyi layihələrdən biri də Heydər Əliyev adına Bakı neft emalı zavodunun 1-ci sexinin ərazisindən (Böyük-Şor sahəsi) neftlə çirklənmiş torpaqların daşınması ilə bağlı olmuşdur.
Cari ilin altı ayı ərzində departament tərəfindən Heydər Əliyev adına Bakı neft emalı zavodunun və “Azərneftyağ” neft emalı zavodunun “Bakı Ağ şəhər” layihəsi ərazisində yerləşən istehsalat sahələrindən, ümumilikdə, 380 min 684 kubmetr neftlə çirklənmiş torpaq daşınmışdır.
İlin müvafiq dövründə torpaqların rekultivasiyası departamenti sifarişçi təşkilatların yaşıllıq sahələrinə aqrotexniki xidmətlərin göstərilməsi işlərini də davam etdirmişdir. Departament tərəfindən H.Z.Tağıyev adına neft-qaz çıxarma idarəsinin mədən ərazisində 5 min 44 ədəd, “Abşeronneft” neft-qaz çıxarma idarəsinin mədən ərazisində 12 min 421 ədəd, “BibiHeybətneft” neft-qaz çıxarma idarəsinin mədən ərazisində 49 min 533 ədəd, ARDNŞ-in qaz emalı zavodunun ərazisində isə 8 min 890 ədəd müxtəlif ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilmişdir.