“Caspian Energy Club” B2G Forum təşkil edib
Bakı, 18 avqust, AZƏRTAC
“Caspian Energy Club”un İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Vergi Xidməti ilə birgə təşkil etdiyi ənənəvi “Online B2G Forum” çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian Energy”nin sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov COVID-19 pandemiyasının milli iqtisadiyyata, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən dövlət qurumları qarşısında ciddi vəzifələrin qoyulduğunu qeyd edib, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramların, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən sənədlərin qəbul edildiyini bildirib. Pandemiyanın iqtisadiyyata və sahibkarlığa neqativ təsirlərinin qarşısının alınması istiqamətində həyata keçirilən dəstək tədbirləri barədə məlumat verən Niyazi Səfərov dəstək tədbirlərinin davam etdiriləcəyini, postpandemiya dövründə prioritet sektorları diqqətə çatdırıb.
KOBİA-nın idarə heyəti sədrinin birinci müavini Natiq Həsənov pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə, xüsusilə də mikro və kiçik sahibkarlara göstərilən dövlət dəstəyi, o cümlədən bu istiqamətdə KOBİA tərəfindən görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib, hazırkı şəraitdə sahibkarların biznes fəaliyyətini yaranmış şəraitə uyğunlaşdırmalı olduğunu qeyd edib.
Daha sonra Niyazi Səfərov və Natiq Həsənov “Caspian Energy Club”un üzv şirkətlərinin rəhbər və nümayəndələrinin suallarını cavablandırıb, onların təkliflərini dinləyib.