Cəlilabadda basketbol üzrə Respublika turnirinin zona yarışlarına start verilib
Cəlilabad, 11 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 11-də Cəlilabad Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş yeniyetmələr arasında Respublika turnirinə daxil olan basketbol üzrə IV zona yarışlarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış iştirakçıları əvvəlcə Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan cəlilabadlı əsgər və zabitlərimizin məzarlarını ziyarət ediblər.
Zona yarışlarının açılış mərasimində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarını təmsil edən yeniyetmələrdən ibarət komandalar qələbə uğrunda mübarizə aparırlar.